AzMİU-nun rektoru Danimarkada keçirilən Ümumdünya Memarlar Konqresində iştirak edib

2-6 iyul 2023-cü il tarixlərində Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirilib.

Konqresdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva və Memarlıq fakültəsinin tələbələri Leyli Əfəndiyeva, Jalə Abuşova, Ayməsey Qafarzadə, Ramid Səlimov təmsil ediblər. 

Konqresin əsas mövzusu “Dayanıqlı gələcək – heç kəsi geridə qoymayın” olub və dünya üzrə 400-dən çox məruzəçi iştirak edib. İştirakçılar arasında məşhur memarlar, yeni istedadlar, elm adamları ilə yanaşı transmilli şirkətlərin rəhbərləri və nüfuzlu siyasətçilər də olublar. 

Ümumilikdə 135 ölkədən 6000-dən çox iştirakçının qatıldığı konqresdə tanınmış tədqiqatçılar və elm adamları iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyi artırmaq və sosial inklüzivliyin təşviqi üçün yeni dizayn yollarını axtarıblar. Konqres “Kopenhagen Dərsləri” adı altında sürətli və köklü dəyişiklik üçün 10 prinsipin təqdim edilməsi ilə yekunlaşıb.
 

07-07-2023