AzMİU-nun şəhid məzunu, rəssam Rauf İbadovun fərdi sərgisi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda  şəhidlik zirvəsinə yüksələn Rauf İbadovun fərdi sərgisi açılıb. 
Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ilk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə AzMİU-nun elmi katibi Tahirə Haqverdiyeva, Tarix Muzeyinin direktoru Gülmira Məmmədova,Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Sumqayıtın fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak ediblər.  

Sərgidə Vətən müharibəsi şəhidi rəssam Rauf İbadovun müxtəlif mövzuda çəkdiyi əsərlər nümayiş olunub. 

Çıxış edənlər şəhid Rauf İbadovun şərəfli ömür yolundan söz açıblar. Qeyd olunub ki, Rauf İbadov Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 23 oktyabr 2020-ci ildə Laçın dəhlizi ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

05-06-2023