“Susan insanın heykəlləri” – Albert Mustafayevin xatirəsi yad edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) mərhum alim, heykəltəraş, əməkdar rəssam, professor Albert Mustafayevin 90 illiyinə həsr olunmuş “Susan insanın heykəlləri” filmi nümayiş olunub. 

Tədbirdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev, millət vəkili Vüqar İsgəndərov, xalq rəssamı Arif Əziz, sənətşünas alim Sevil Kərimova, müəllimlər və tələbələr iştirak ediblər. 

Professor Gülçöhrə Məmmədova çıxış edərək Albert Mustafayev yaradıcılığından və onun AzMİU-dakı fəaliyyətindən danışıb. Rektor qeyd edib ki, AzMİU-nun qurulmasında, inkişafında böyük alimlərin, istedadlı müəllimlərin, o cümlədən Albert Mustafayevin böyük əməyi olub: “Bizim universitetimiz ölkəmizin inşaat və memarlıq üzrə 100 illik ali təhsil ənənəsini özündə birləşdirir. Əvvəl başqa ali təhsil müəssisələrinin tərkibində fakültə, ixtisas kimi, daha sonra isə müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişik. Bu gün son 100 ildə yaradılan memarlıq nümunələrinin, tikililərin və qurğuların demək olar ki, hamısının müəllifi bizim məzunlarımızdır. Ona görə deyə bilərik ki, ölkəmizin memarlıq simasını bizim məzunlarımız formalaşdırıb. Əlbəttə ki, onların yetişdirilməsi böyük alimlərin, eləcə də ustad sənətkar Albert Mustafayevin xidmətidir. Hesab edirəm ki, bizim tələbələrimiz üçün ən böyük motivasiyamız onlara Albert Mustafayev kimi ustadları tanıtmaq, təbliğ etməkdir. Əminəm ki, tələbələrimiz keçmişi, təhsil aldıqları ixtisasları formalaşdıran alimləri tanımaqla onların miras qoyduğu ənənəni davam etdirəcəklər”. 

Professor Gülçöhrə Məmmədova əlavə edib ki, Albert Mustafayev istedadlı müəllim olmaqla yanaşı, həm də ustad, böyük sənətkar olub. O, Bakıda və bölgələrdə bir sıra diqqətəlayiq heykəltəraşlıq nümunələri yaradıb. 

Daha sonra Yeganə Əbdülməmmədovanın ssenarisi və rejisorluğu ilə lentə alınan “Susan insanın heykəlləri” filmi izlənilib. Filmin baş prodüseri Namiq Hüseynov, operatoru isə Habil Muğanlıdır.

Qeyd edək ki, Albert Mustafayev 26 yanvar 1931-ci ildə Şəkidə doğulub. Orta məktəbi əvvəlcə Şəkidə oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar təhsilini paytaxtda davam etdirib.

Təsviri sənətə olan marağı onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirib. Bu təhsil ocağını bitirdikdən sonra 1956–1960-cı illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub.

1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Təsviri sənət kafedrasında assistent və müəllim kimi fəaliyyət göstərib. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki AzMİU) yaradılandan sonra bu təhsil ocağının Təsviri incəsənət kafedrasında baş müəllim, dosent və professor olub.

Sənətkar Bakıda “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami Gəncəvi, vaxtilə Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir. O, həmçinin fotoqraf kimi də fəaliyyət göstərib, ötən əsrin 60–70-ci illərində görkəmli sənətkarlarımızı fotokameranın yaddaşına köçürüb.

Heykəltəraş 1982-ci ildə respublikanın "Əməkdar rəssam"ı fəxri adına layiq görülüb. 26 yanvar 2021-ci il tarixdə heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Albert Mustafayev 4 mart 2022-ci il tarixində, ömrünün 91-ci ilində vəfat edib.

03-03-2023