AzMİU tələbəsi Türkiyə birincisi olub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İstanbul Texnik Universiteti (İTÜ) arasındakı ikili diplom müqaviləsinə əsasən, təhsilini İTÜ-də davam etdirən Nəzrin Rzayeva “Ali materiallar müqaviməti” fənni üzrə topladığı balla həmin universitetdə birinci olub. Nəzrin Rzayeva “Ali materiallar müqaviməti” fənninin semestr və imtahan göstəricilərində Türkiyə ali təhsili üzrə qiymətləndirmə sisteminin (4 ballıq sistem) ən yüksək nəticəsini əldə edib. 

I və II kursda AzMİU-nun İnşaat fakültəsində təhsil alan Nəzrin Rzayeva ikili diplom müqaviləsi əsasında III və IV kurslarda təhsilini İTÜ-də davam etdirəcək. Müqaviləyə görə, təhsilini başa vurduqdan sonra tələbəyə həm AzMİU-nun, həm də İTÜ-nün diplomu təqdim olunacaq. 

Qeyd edək ki, Nəzrin Rzayeva 2019-2020-ci tədris ilində 622 balla AzMİU-nun İnşaat fakültəsinə, “İnşaat mühəndisliyi” ixtisası üzrə ingilis dilli qrupa qəbul olub. 
 

24-02-2023