Zəfər əcnəbi tələbələrin gözü ilə - AzMİU-da bayram konserti təşkil olundu [05.11.2022]

Zəfər Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bayram konserti  təşkil edilib. Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə ərsəyə gələn tədbirdə rektor, professor Gülçöhrə Məmmədova, universitetin professor-müəllim heyəti və tələbə kollektivi, həmçinin Elm və Təhsil Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.

Konsert proqramı başlamazdan öncə bizə zəfər qürurunu yaşadan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.  

Sonra əcnəbi tələbələr konsert proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycanın milli mahnıları səsləndirilib, milli rəqslər edilib, eləcə də hərbi-vətənpərvər ruhda şeirlər səsləndirilib. 

Zəfər Gününə həsr olunmuş musiqili proqramda universitetin əcnəbi tələbələri öz ifaları ilə tamaşaçılar üçün əsl bayram əhval-ruhiyyəsi yaradıblar. Universitetin əcnəbi tələbələrinin də təmsil olunduğu "Buta" rəqs qrupunun “Ala göz” milli rəqsi, İlker Turalı, Oktay Akkuş, Tarkan Yusuf Köksoy və s. səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb. Nəsrin Şəfiyinin "Şuşanın dağları", Cao Syao və Jia Peixuanın "Çin xalq mahnısı", Mehmet Akif Erenin "Çırpınırdı Qara dəniz", Qəmzə Yalçının "Qarabağ" mahnıları isə özünəməxsusluğu ilə seçilib. 

Tədbirin sonunda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək uğurlu konsert proqramına görə əcnəbi tələbələri təbrik edib və onları ölkələrinə qayıdandan sonra da Azərbaycanın dostu, həqiqət carçısı olmağa çağırıb.

Sonda xatirə fotoşəkilləri çəkilib.

 

05-11-2022