AzMİU-nun Elmi Şurasının 2022-2023-cü tədris ili üzrə ilk iclası keçirilib [26.10.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının 2022-2023-cü tədris ili üzrə ilk iclası keçirilib. İclasda 2022-2023-cü tədris ili üzrə universitetin bakalavr və magistr səviyyələrinə qəbulun nəticələri müzakirə olunub.
     İclası giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova şura üzvlərini salamlayıb və gündəlikdəki məsələlərlə bağlı məlumat verib. Professor Gülçöhrə Məmmədova bildirib ki, Elmi Şuranın gündəliyində iki məsələ var – “2022/2023-cü tədris ili üçün Elmi Şuranın iş planının müzakirəsi və təsdiqi” və “2022/2023-cü tədris ilində tələbə qəbulunun nəticələri, universitetin hədəfləri və gələcəyə baxış”.
     Elmi Şuranın katibi, professor Tahirə Haqverdiyeva “2022/2023-cü tədris ili üçün Elmi Şuranın iş planının müzakirəsi və təsdiqi” adlı məruzə ilə çıxış edib. Məruzəçi cari tədris ilində Elmi Şuranın iş planı haqqında ətraflı məlumat verib. 
     Sonra AzMİU-nun Qəbul komissiyasının rəhbəri, dosent Surxay Əliyev “2022/2023-cü tədris ilində tələbə qəbulunun nəticələri, universitetin hədəfləri və gələcəyə baxış” adlı məruzə ilə çıxış edib. Surxay Əliyev məruzəsində həm universitet, həm də AzMİU-nun tabeliyində fəaliyyət göstərən İnşaat Kolecinə tələbə qəbulu ilə bağlı ətraflı məlumat verib. Komisiya rəhbəri qeyd edib ki, AzMİU-ya bakalavr səviyyəsində tələbə qəbulu üzrə plan yeri 96%, İnşaat Kolecinə isə 90% yerinə yetirilib.  Ayrıca fakültə və ixtisaslar üzrə də qəbul nəticələri üzrə analitik məlumatlar təqdim edən məruzəçi sonda Şura üzvlərinin suallarını cavablandırıb. 
     “2022/2023-cü tədris ilində tələbə qəbulunun nəticələri, universitetin hədəfləri və gələcəyə baxış” mövzusunda magistratura səviyyəsi üzrə isə AzMİU-nun Magistratura Mərkəzinin direktoru, dosent Rövşən Səmədov məruzə ilə çıxış edib. 2022/2023-cü tədris ili üzrə magistratura səviyyəsində plan yerinin 92% yerinə yetirildiyini deyən Mərkəz direktoru qəbul səviyyəsinin daha da yüksəldilməsi üçün fəaliyyət planı hazırlandığını qeyd edib. 
     Məruzələr və çıxışlardan sonra rektor, professor Gülçöhrə Məmmədova toxunulan məsələlərə münasibət bildirib və lazımi tapşırıqlar verib. 
Şura iclasında digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələlər ətrafında Şura üzvləri çıxışlar ediblər, təklif və rəylər dinlənilməklə müvafiq qərarlar qəbul edilib.
 

26-10-2022