AzMİU-da tələbələrə “Bir pəncərə” proqramı təqdim olunub [27.05.2022]

              Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Pəncərə” - tələbə məsələlərinin araşdırılması, müraciətlərin dinlənilməsi, təklif və iradların aidiyyətı üzrə yönləndirilməsinə dəstək proqramı çərçivəsində görüş keçirilib.
             ATGTİ-nin proqram meneceri Nigar Hüseynova tədbiri açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
             AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev “Pəncərə” proqramının əhəmiyyətindən danışıb, tələbələrin təklif və iradlarının operativ cavablandırılması baxımından faydalı olduğunu qeyd edib.
             “Pəncərə” proqramının rəhbəri Fidan Həsənova proqramın missiyası, hədəfləri və fəaliyyət istiqamətləri haqqında danışıb. Qeyd edib ki, layihənin məqsədi tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.
              Daha sonra AzMİU-nun prorektoru Orxan Naqdiyev, ATGTİ-nin sədri Pərviz Mirələmli və AzMİU TGT-nin sədri Tacir İsmayılzadənin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Sessiya zamanı tələbələr onları maraqlandıran suallara cavab tapıb, TGT-nin fəaliyyətinin genişləndirilməsi və daha effektiv işlərin həyata keçirilməsi istiqamətində öz təkliflərini səsləndiriblər.

27-05-2022