AzMİU-nun magistrantları üçün  “Qarabağın tarixi-memarlıq irsi”  mövzusunda  seminar keçirilib

     Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistr tələbələri üçün “Qarabağın tarixi-memarlıq irsi” mövzusunda ikinci seminar keçirib. Fondun icraçı direktoru Orxan Naqdiyev giriş sözü ilə tədbiri açaraq rəhbərlik etdiyi fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirdiyi layihələrdən danışıb.  O.Naqdıyev hazırda fond tərəfindən Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə seminar iştirakçılarına ətraflı məlumat verib. 
      AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədov çıxışında işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsi ilə bağlı gəncləri bilgiləndirib. Bu bölgənin coğrafi, iqtisadi, ekoloji əhəmiyyətinə toxunan professor ölkə rəhbərliyi tərəfindən həmin ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma layihələrinin icrasına başlandığını xüsusi qeyd edib. 
      AzMİU-nun kafedra müdiri, professor, Əməkdar memar Səbinə Hacıyeva seminarın mövzusuna uyğun olaraq Qarabağ bölgəsində yerləşən tarixi-memarlıq abidələrindən, onların tarixindən,  işğala qədərki vəziyyətindən danışıb. Professor çıxışında 30 illik işğal müddətində erməni vandalları tərəfindən dağıntılara məruz qalan, saxtalaşdırılan, erməniləşdirilən memarlıq irsimizin bərpası və qorunması məsələlərinə toxunub, bu istiqamətdə görüləcək işlərə, həyata keçiriləcək layihələrə diqqət çəkib.  
Seminarda iştirakçılara mövzu ilə bağlı layihə çərçivəsində çap edilmiş bukletlər və seminar materialları təqdim edilib.    
    Məlumat üçün qeyd edək ki, Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının artırılması, onların qorunub saxlanması, gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması və bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir. 
     Bu məqsədə nail olmaq üçün layihədə ən əvvəl gənclərin bu bölgənin tarixi-memarlıq abidələri haqqında bilgilərini artırmaq üçün 2 saatlıq seminarlar təşkil olunacaq. Eyni zamanda bu bölgənin tarixi-memarlıq abidələri haqqında geniş məlumat və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında rolu, milli mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyəti kimi məsələləri özündə əks etdirən 1500 nüsxə bukletin çap edilərək paylanılması təşkil ediləcək.  Sonra isə “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Ağdam və Şuşa səhərlərinə səyahətlər təşkil ediləcək. Səyahətdən sonra bu tarixi abidələrimizi öz gözləri ilə görmüş gənc memar tələbələr çəkdikləri foto şəkilləri, videoları sosial şəbəkələrdə yaymaqla geniş dünya ictimaiyyətini məlumatlandıracaq və maarifləndirmə kampaniyasını həyata keçirəcəklər. Sonda məlumatlandırma-maarifləndirmə kampaniyasının qalibləri təşkil olunmuş komissiya tərəfindən qiymətləndirilməklə 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən ediləcək. Qalib olan memar tələbələr qiymətli mükafatlar, qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqdır.
 

15-04-2022