Orhun Mübadilə Proqramı çərçivəsində müəllimlərin mübadiləsinə başlanılıb [08.04.2022]

      Türk Şurası Türk Universitetlər Birliyinin üzvü kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2021-2022-ci tədris ilinin yaz semestrində birlik tərəfindən həyata keçirilən Orhun Mübadilə Proqramı çərçivəsində türkdilli ölkələrin ali təhsil müəssisələrindən müəllim mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, bu semestrdə Türkiyənin Alanya Əlaəddin Keykubat Universitetindən, Qırğızıstan-Türkiyə Manas Universitetindən, Qazaxıstanın Atırau Dövlət Universitetindən müəllimlərin gəlişi və onların əsasən   elektrik mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat ixtisaslarında dərs deməsi, elmi-pedaqoji biliklərin mübadiləsi nəzərdə tutulub. 
     Proqram çərçivəsində ilk olaraq Alanya Əlaəddin Keykubat Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Dr.Özgür Uysal universitetimizin qonağı olaraq "İqtisadi nəzəriyyə və marketinq" kafedrasına təhkim olunmuşdur. Universitetin Xarici əlaqələr şöbəsi və Keyfiyyətə nəzarət mərkəzinin təşkilatçılığı ilə qonaq müəllimin AzMİU-da müvafiq kafedraların rəhbərləri və müəllim heyəti ilə tanışlıq görüşləri keçirilib. AzMİU-nun müəllimləri ilə keçirilən seminarda Türkiyə və Azərbaycanda tədris prosesinin oxşar və fərqli cəhətləri, yeni  tədris metodikaları və yanaşmaları müzakirə olunub. 
     Dr.Özgür Uysal Tikinti-iqtisad fakültəsində İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrə “Makroiqtisadiyyat” mövzusunda ingilis və Azərbaycan dillərində mühazirələr oxuyub.  Həm tələbələr, həm də müəllimlərlə keçirilən görüşlər böyük marağa səbəb olub, geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Aprelin 10-na qədər AzMİU-nun qonağı olacaq Ö.Uysal müvafiq kafedralarda fəaliyyətini davam etdirəcək. 
 

09-04-2022