AzMİU-da şəhid məzunun ailə üzvləri ilə görüş keçirilib [05.04.2022]

                   
         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat-texnologiya fakültəsinin məzunu, martın 3-də Şuşada hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Kazımovun valideynləri ilə görüş keçirilib. Görüşdə Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov, Ümumi işlər üzrə prorektor Aqil Məmmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, Tələbə şəhərciyinin direktoru Aqşin Kərimov, dekanlar və tələbələr iştirak ediblər. 
        Əvvəlcə tədbir iştirakçıları Universitetin 1-ci korpusunda Şəhidlər guşəsini ziyarət ediblər, 20 yanvar faciəsində, 1-ci Qarabağ müharibəsində, Vətən müharibəsində şəhid olan tələbə, məzun və əməkdaşlarımızın xatirəsini yad ediblər.
        Universitetin böyük Akt zalında davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş nitqi ilə THİK-in sədri Bayram Aslanov açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, tarixi ədalətin bərpa olunmasında AzMİU-nun tələbə və məzunlarının da iştirakından danışıb, Vətən tariximizə adları qızıl hərflərlə yazılan bu qəhrəmanların gənclərimizə örnək olduğunu bildirib. Onların sırasında müddətli hərbi qulluqçu kimi Azərbaycan Ordusuna xidmət edən və şəhidlik zirvəsinə ucalan Vüsalın da xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını söyləyib. 
         Vüsalın təhsil aldığı fakültənin dekanı Tahirə Haqverdiyeva şəhidin ailə üzvlərinə başsağlığı verib, onlara səbir diləyib. Şəhidin tələbəlik həyatından, ağıllı və tərbiyəli gənc kimi seçilməsindən söhbət açıb, onunla bağlı xatirələrini paylaşıb. Qeyd edib ki, Vüsal kimi igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində daim yaşayacaq, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad olunacaq.
          Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının assistenti, universitetdə oxuduğu illərdə Vüsala dərs deyən, xarakterindəki cəsurluğa, dürüstlüyə və digər müsbət keyfiyyətlərinə görə onunla dostluq edən Şahmar Rəfili də şəhid tələbəsinin xatirəsini ürəkağrısı ilə yad edib. O, Vüsal kimi övlad yetişdirdiklərinə görə şəhidin valideynlərinə təşəkkür edib, bu ağır itkinin Vüsalı tanıyan bütün tanışları, dostları kimi onu da sarsıtdığını vurğulayıb. 
          Tədbirdə iştirak edən Vüsalın dostu da uşaqlıqdan şəhid olana qədər qardaş, sirdaş bildiyi dostu haqqında xoş sözlər söyləyib, xatirələr bölüşüb, Vüsalın mərdliyindən, qorxmazlığından, vətən sevgisindən danışıb, onunla qürur duyduğunu deyib. 
          Görüşdə gənclərin ifasında qəhrəmanlara həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, tələbələr qəhrəmanlarımızın müqəddəs amallarını şərəflə davam etdirəcəklərinə söz veriblər.
 

05-04-2022