Aprel döyüşləri - böyük zəfərimizin başlanğıcıdır [04.04.2022]

     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tarixi Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.
     Tədbiri açıq elan edən THİK-in sədri Bayram Aslanov 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldığı, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğu həmin tarixi günləri yada salıb. Qeyd edib ki, məhz həmin günlərdə erməni siyasətçilərinin uzun illər öz ordusu haqqında yaratdığı “keçilməz erməni səngərləri” mifi alt-üst edilib. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. “Həmin günlər xalqımızın yaddaşında və tarixin səhifələrində şanlı “Aprel döyüşləri” günü kimi qalıb. Aprel döyüşləri xalqın Prezidentimizin ətrafında sıx birliyinin ifadəsi, eləcə də milli ordumuzun zəfər yürüşüdür”.   
     B.Aslanovun çıxışından sonra Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub. 
     Tədbirdə iştirak edən Aprel qazisi,  Vətən müharibəsi iştirakçısı  Asif Rəsulov Aprel döyüşləri haqqında danışıb, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 6 il ötdüyünü qeyd edib. Daha sonra vurğulayıb ki,  2016-cı ildə, dörd günlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdi.
     Tələbələr Aprel döyüşləri ilə bağlı qaziyə müxtəlif suallar veriblər, sonda Asif Rəsulovla xatirə şəkli çəkdiriblər.  


 

04-04-2022