Bu gün Azərbaycanda Ramazan ayı başlayır [02.04.2022]

     Bu gün müsəlmanların orucluq ayı - Ramazan başlayır. Allah tərəfindən bizə verilmiş hər gün, hər ay çox qiymətldir, lakin müsəlman təqviminin 12 ayı arasında məhz Ramazan öz müqəddəsliyi ilə seçilir və əbəs yerə bu ayı Ayların sultanı, "Şəhrullah" (Allahın ayı), və "Ziyafətulla" (Allahın qonaqlığı) adlandırmırlar. Ramazan ayının axırıncı on gecələrinin birində müqəddəs kitabımız olan “Qurani -Kərim” nazil olub. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir.
     Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.  
     Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Qurani-Kərimin nazil edildiyi Ramazan ayında oruc tutmaq Allah tərəfindən bütün müsəlmanlara vacib edilib. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

     Ramazan ayında oruc İslamın dirəklərindən biridir. Məhəmməd peyğəmbər (S) deyib: "Kim ki, mukafat alacağına inam və ümidlə oruc tutar, onun keçmiş günahları bağışlanar". "Kim ki, Allah xatirinə oruc tutar, Tanrı onu Ramazan ayının hər bir gününə görə yetmiş gün Cəhənnəm əzabından xilas edər". " Oruc insanı bünüt günah və nöqsanlardan qoruyan qalxana bənzəyir". Muhəmməd peyğəmbər (S) insanları bu ayda mümkün qədər yaxşı iş görməyə, etdiyi günahlara görə tövbə etməyə, Allahdan bağışlanmağını diləməyə, sədəqə vermək, Quran öyrənmək və dua oxumağa çağırıb. 
      Quranın dəqiq nazil olma vaxtı məlum deyil, lakin artq yüz illərdir ki, mömin müsəlmanlar Ramazanın son 10 günündə, ayın tək günləri (Əhya gecələri) gecələr müqəddəs “Leylət əl-Qadr” gecəsini qeyd edirlər. Başqa formada o, Qədr gecələri adını alıb. Hesab olunur ki, Allah insanın gələn ilki taleyini məhz bu gecə müəyyən edir. 
      Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qəbul olunur. Müqəddəs Ramazan bayramı 1993-cü ildən bəri dövlət səviyyəsində iki gün qeyd edilir. Bu il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 2, 3-ü ölkədə qeyri-iş günləridir, Ramazan bayramı qeyd olunacaq. Əvvəlcə bayram namazları qılınacaq, sonra isə fitrə veriləcək. Bu bayramda fitrənin önəmi də çox böyükdür, fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və nə qədər gözəl qeyd olunsa, o qədər yaxşıdır. 
             


 

05-04-2022