AzMİU-nun İnşaat fakültəsinin tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər [30.03.2022]

     Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar da yazılıb. Respublikamızda “31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü” kimi qeyd olunur. Gənc tələbələrimizin qan yaddaşının təzələnməsi və vətənpərlik ruhunun yüksəldilməsi məqsədi ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekanlığının təşkilatçılığı ilə fakültənin dekan müavini Tural Əliyev və bir qrup tələbə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Onlar faciə qurbanlarının xatirəsini yad ediblər, xatirə daşı önünə əklil qoyublar, kompleksi gəzərək soyqırıma həsr olunmuş stendlərlə tanış olublar.
     Ziyarət zamanı AzMİU tələbələrinə ermənilərin ötən əsrin əvvəllərində soydaşlarımıza qarşı törətdikləri soyqırım, ümummilli lider Heydər Əliyevin soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib.
     Məlumat üçün qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

04-04-2022