Əziz qadınlar, bayramınız mübarək!

          Bayramlar fəsli olan baharda təqvimin ən gözəl günlərindən birini - 8 mart Beynəlxalq Qadınlar Gününü qeyd edirik. Bu bayram Azərbaycan anasının, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bayramıdır. 
          Müasir Azərbaycan qadını bu gün uzaqgörən dövlət xadimi, bacarıqlı siyasətçi, savadlı dövlət məmuru, dövlətinə dəstək olan iş adamı, xalqın etimad göstərib səs verdiyi millət vəkilidir. Müasir Azərbaycan qadını zərif çiyinlərinə düşən böyük işləri icra etməkdən qorxmayan, əzəli və əbədi funksiyası olan analıq vəzifəsini və borcunu şərəflə yerinə yetirən, Vətən üçün, millət üçün layiqli övladlar tərbiyə edib yetişdirən nəcib varlıqdır. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərən, qanı, canı bahasına 30 il işğalda qalan torpaqlarımızı geri qaytaran igid oğullarımızı yetişdirən Azərbaycan qadınları bütün təriflərə layiqdirlər. 
          Əziz qadınlarımız! Sizi - Azərbaycan Memarlıq və İnşaat Universitetinin zərif, gözəl, sevimli, savadlı, işgüzar, zəhmətkeş, qayğıkeş, dünyanın ən əziz və ən qiymətli varlıqlarını bayram münasibəti ilə ürəkdən təbrik edir, Sizə sağlıqlı uzun ömür, işlərinizdə və həyatınızda uğurlar arzulayırıq. Bayramınız mübarək! Qoy zərif vücudunuzla böyük işlər görməyə qadir olan qəlbiniz daim qurmaq, yaratmaq eşqiylə döyünsün, gözünüzün nuru, qəlbinizin hərarəti azalmasın, açılan nurlu sabahlarınız sizə xeyir xəbərlər gətirsin, həmişə sevilən və seçilən olasınız! Qoy məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əksik olmasın!  Arzu edirik ki, həmişə su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl olasınız!  

10-03-2022