AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib

        Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. İclası giriş nitqiylə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova şura üzvlərini slamlayıb. Gündəlikdə olan məsələləri elan etməmişdən öncə rektor bu günlərdə dünyasını dəyişən universitetin İdman klubunun müəllimi Mustafa Talışinski və professor Fikrət Yusubovun xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edib. Rektor hər iki müəllimin həyat yoluna qısa nəzər salıb, onların universitetin inkişafı üçün gördüyü işlərdən danışıb, işıqlı xatirələrinin həmişə yaddaşlarda qalacağını vurğulayıb.
        Professor G.Məmmədova iclasın gündəliyinə “AzMİU rektorluğunun 2021-ci ildə gördüyü işlər” və mühasibatlığın 2021-ci ilə aid hesabatlarının, o cümlədən cari məsələlərin daxil olduğunu bildirib və geniş hesabatını Şura üzvlərinin diqqətinə çatdırıb. Rektorun hesabatı universitetin bir illik fəaliyyəti, fakültə, kafedra, şöbə və mərkəzlərin gördüyü işlər, aparılan islahatlar, maddi-texniki bazanın yenilənməsi istiqamətində atılan addımları və s. əhatə edib. G.Məmmədova pandemiya dönəmi olmasına baxmayaraq 2021-ci ilin müxtəlif istiqamətlər üzrə universitet üçün məhsuldar keçdiyini bildirib. Eyni zamanda bəzi sahələrdə geriləmələrin müşahidə olunduğunu rəqəmlərlə şura üzvlərinin diqqətinə çatdırıb. Növbəti dövr üçün qarşıda duran vəzifələr haqqında məlumat verən G.Məmmədova qarşıdakı hədəflərdən danışıb. Rektor hesabatında Universitetin nəzdində olan İnşaat kolleci və fizika-riyaziyyat təmayüllü liseyin bir illik fəaliyyətinə də toxunub.  
        Rektorun ətraflı çıxışından sonra qeyd olunan məsələlər şura üzvləri ilə müzakirə edilib, müxtəlif təkliflər səslənib. Rektor da bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib. 
        AzMİU-nun baş mühasibi Sarı Yusibov mühasibatlığın 2021-ci ildəki fəaliyyəti, universitet xərcləri barədə hesabatı təqdim edib. Onun çıxışından sonra  Şurada cari məsələlərə baxılıb və müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib. 
 

15-03-2022