“Xocalı tələbələrin gözü ilə” adlı sərgi təşkil olunub

             
          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Xocalı tələbələrin gözü ilə” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.  Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən biri olan Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan sərginin açılış mərasimində fakültə dekanları, ictimai təşkilatların nümayəndələri, tələbələr iştirak edib.
          Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Xocalı şəhərində yaşayan günahsız azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini, əliyalın insanlarımızı qətlə yetirdiyini xatırladıb. O, Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri kimi qiymətləndirib. 
          AzMİU-nun rektorunun müşaviri İlham Mərdanov xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı soyqırımı zamanı ermənilərin kütləvi terror aktı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın azərbaycanlı olduqları üçün ağlasığmaz vəhşilik və qəddarlıqla qətlə yetirildiyini, 487 mülki şəxsin ağır yaralandığını və 1275 nəfərin girov götürüldüyünü bildirib. “Xocalı soyqırımını törətməklə ermənilər xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq istəyirdilər. Amma xalqımız mənfur qonşularından qorxmadı, geri çəkilmədi, 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsi xalqımız mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Qəhrəman oğullarımız Xocalı soyqırımının qisasını aldı. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq”. 
           Çıxışlardan sonra Münsiflər heyəti tərəfindən işləri 1-ci yerə layiq görülən tələbələr – Ramazan Məmmədli (TİF), Mehdi Əzimzadə (Memarlıq fakültəsi), Zeynəb Əliyeva (İnşaat kolleci), 2-ci yerə layiq görülən Memarlıq fakültəsinin tələbələri Aytac Vəzirova, Günay Məhərrəmova, 3-cü yerə layiq görülən tələbələr – Sevda Əsgərova (ST və MKS), Valeh Hacıyev (Memarlıq), Aytən Həbibullayeva (İnşaat kolleci) diplomlarla təltif olunub. Sərginin təşkilində göstərdikləri köməyə görə Memarlıq fakültəsinin tələbələri Heydər Əliyev və Aygül Hacıyeva da diplomla mükafatlandırılıblar. 
           Sərginin rəmzi qırmızı lenti kəsilib və tədbir iştirakçıları tələbələrin işlərinə baxıblar. Məlumat üçün qeyd edək ki, sərgidə ümumilikdə 53 iş nümayiş olunub. Universitetin Memarlıq, Tikinti-iqtisad və ST və MKS fakültələrində və İnşaat kollecində təhsil alan tələbələrinin hazırladıqları işlərdə o gecənin dəhşətli anları, məqamları əks olunub. 
          

08-03-2022