Leyla Hüseynova: “Prezidentin biz gənclərdən gözləntiləri çoxdur”


     Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin III kurs tələbəsi Leyla Hüseynova da həmin görüşdə iştirak edib. Forumdan sonra Leyla ilə görüşüb,  təəssüratlarını bizimlə paylaşmasını istədik:


-Leyla, Forumda iştirak edəcəyin barədə xəbəri alanda  ilk reaksiyan necə oldu?


-Açığı, bu barədə məlumat veriləndə özümü çox itirdim, həyəcanlandım. Bir anlıq hislərim qarışdı, xəbərin doğruluğuna şübhə etdim. Çünki belə bir mötəbər görüş üçün universitetdən yalnız mənim seçilməyimi təsəvvür belə edə bilməzdim. Bu, universitet rəhbərliyinin, ictimai təşkilatların mənə göstərdiyi böyük etimadın nəticəsi idi. Ölkə prezidenti ilə görüşmək hər bir gənc üçün çox qürurvericidir, fəxr etdim ki, mənə belə bir etimad göstərilib. 


-Forumda iştirak etdin, ölkə Prezidenti ilə üz-üzə təmasda oldun, hətta sizlərə dövlət başçısına suallar vermək, hər hansı məsələ ilə bağlı onun tövsiyyə və məsləhətlərini dinləmək şansı verildi. Sən Prezidentə hansı sualı vermək istərdin və yaxud nə barədə danışardın?


-Fəal bir gənc kimi bu günə qədər çox tədbirlərdə, forumlarda, layihələrdə iştirak etmişəm, Universitetimizi təmsil etmişəm. Fəal gənc olaraq belə aktivitələrdə çıxışlar da etmişəm, rəy, təklif və ideya da səsləndirmişəm, forumlarda könüllü kimi xarici qonaqlarla çox ünsiyyətdə olmuşam. Təbii ki, bu cür ictimai fəaliyyət, sosial ünsiyyət özünü inkişaf etdirmək, yeni bacarıq və vərdişlər qazanmaq, əcnəbi dil biliklərini daha da mükəmməlləşdirmək baxımından çox vacibdir. Bizim üçün bu şəraiti dövlətimiz, dövlətimizin başçısı, onun yürütdüyü gənclər siyasəti yaradıb, bu danılmaz həqiqətdir. Prezidentlə görüşdə bax, bu imkanlara görə ilk növbədə ona çoxlu-çoxlu təşəkkür etmək istərdim, yeni perspektivlər, gələcəyimiz üçün geniş üfüqlər açdığına görə ona minnətdarlığımı bildirərdim.  


-Universitetin 10 minə yaxın tələbəsi var, bu qədər tələbənin içindən Universitet rəhbərliyi məhz səni seçdi, sənin belə bir mötəbər forumda iştirakını təmin etdi. Bu sənə göstərilən böyük etimaddır. Eyni zamanda sənin üzərinə böyük məsuliyyət qoyur.

 
-Doğru vurğulayırsınız. Bu seçim qürurverici olduğu qədər, həm də məsuliyyət deməkdir. Sən seçilən bir gəncsən, Prezidentin iştirak etdiyi forumun iştirakçısısan, yeni məsuliyyətlərin var. Artıq özüm üçün yeni bir yol xəritəsi seçmişəm, əməlimlə, işim və fəaliyyətmlə Forumun iştirakçısı adını doğrultmalıyam. Bu günə qədər çox tədbirlərdə universitetimizi təmsil etmişəm, həmişə çalışmışam ki, üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlim. Amma bu forumda iştirakım həyatımda yeni səhifə açdı, daha əzmlə çalışmağım, özümü inkişaf etdirməyim üçün böyük stimul oldu. 


-Prezidentin söhbətlərindən, məsləhət və tövsiyələrindən hansı nəticələri çıxardın? Görüşdən sonra özün üçün yeni hədəflər müəyyənləşdirdinmi?


- Görüşümüz çox səmimi bir ortamda keçdi, cənab prezident bizim suallarımıza geniş və ətraflı cavablar verdi, təhsilimiz, tərbiyəmiz, hətta sağlam həyat tərzi sürməyimizlə bağlı dəyərli məsləhətlər verdi. İdmanla məşğul olmağı, fiziki sağlığımızın qayğısına qalmağı, habelə mədəniyyətimiz və dilimizi qorumağı tövsiyə etdi. Bu görüşdən özüm üçün müəyyən nəticələr çıxartdım, bir gənc memar və şəhərsalma mütəxəssisi kimi ölkə başçısının işğaldan azad olunmuş torpaqlarda abadlıq-quruculuq, yenidənqurma işləri ilə bağlı açıqlamaları məni çox həvəsləndirdi. Prezidentin biz gənclərdən gözləntiləri çoxdur, dövlət başçısı həmin ərazilərdə  yenidənqurma işlərində bizdən yeni, müasir ideyalar, layihələr gözləyir. Bu sözlər mənim üçün təkan oldu, gələcəkdə bu işlərdə mən də öz töhfəmi vermək üçün əlimdən gələni etməyə hazıram. 


-Yaşıdlarına, gənclərə nə demək istərdin, hansı fikirlərini bölüşərdin? 


-Fikrimi bir cümlə ilə ifadə etmək istəyirəm, dayanmamaq. Əgər dayansaq, itirəcəyik. Bir çay təsəvvür edin, əsirlərdir ki, öz axarında gedir, dayanmadan axır. Onun ortasında bir yekə lal daş dayanıb, sağından, solundan sular axıb gedir, amma o tərpənmir. Dünya da belədir, öz işindədədir, dayanmır, durmadan inkişaf edir, dəyişir. Biz də insan övladı olaraq bu sonsuzluqda öz yerimzi tapana qədər dayanmamalıyıq, hərəkət etməliyik. Gənc dostlarıma daim inkişafda olmağı, öz üzərlərində çalışmağı, yaradılan şəraitdən səmərəli istifadə etməyi, həyat yolunda qarşımıza çıxan çətinliklərdən qorxmamağı, ruhdan düşməməyi, daim irəli baxmağı məsləhət görürəm. Tanrının verdiyi gənclik enerjimizi faydalı, gələcəyimiz üçün möhkəm bünövrənin təməlinə sərf edək. 

Müsahibəni apardı: Nəcibə Mirzəyeva.


 

18-02-2022