AzMİU-nun nəzdindəki İnşaat kollecinin   şəhid məzunu Cavanşir Əhmədova həsr olunmuş anım tədbiri keçirilib

     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdindəki İnşaat kollecinin şəhid məzunu Cavanşir Əhmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə şəhidin anası və ailə üzvləri iştirak edib. Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
     Tədbiri giriş sözü ilə açan Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açıb. O, 44 günlük Vətən müharibəsində torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan olan Cavanşirin keçdiyi qısa və şərəfli ömür yoluna nəzər salıb. A.Qasımov vurğulayıb ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuzdur. “Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir”.
     AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov tariximizin şanlı səhifələrinin yazılmasında igidlik göstərən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu deyib, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib. O, AzMİU-da şəhidlərin hər zaman hörmət və ehtiramla anıldığını, tələbələrin milli vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ötən illər ərzində bütün imkanlardan istifadə olunduğunu bildirib. 
     Tədbirdə çıxış edən  şəhidin orta məktəb müəllimi Xanıgül Quliyeva, Kollecdən olan müəllimləri Gövhər Quliyeva və Azadə Quliyeva Cavanşirlə  bağlı xatirələrini bölüşüblər, onun döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıblar.  
     Milli vətənpərvərlik ruhunda hazırlanmış tədbirin sonunda Cavanşir haqqında tələbələrimizin hazırladıqları videoçarx nümayiş olunub. 

27-12-2021