AzMİU-nun ilk karyera addımlarını atan tələbəsi

          

          İnşaat sahəsinə qazandırdığı  yüksək ixtisaslı kadrların çoxluğuna görə Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizin seçilən Universitetdir.  Bu sahədə çalışan və AzMİU-nu hər zaman  qürurla təmsil edən yüzlərlə gənc məzunlarımız var. Onlar qurduğu karyera və əldə etdiyi uğurlarla həmyaşıdlarına əsl örnəkdirlər. 

         Mətbuat və informasiya şöbəsinin müsahibi belə gənclərdən biri-“PMD Projects” MMC  şirkətində  "Məzun Proqramı" ilə işə başlayan və fəaliyyətinə uğurla davam edən gənc mütəxəssis Fərid Rövşənovdur.

         Əvvəlcə sizi bir az tanıyaq. Özünüz haqqında məlumat verərdiniz.

        - Mən, Fərid Rövşənov, 1998-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta təhsilimi M.Hadi adına 10 nömrəli tam orta məktəbdə almışam. Məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsi İnşaat mühəndisliyi ixtisasa dövlət sifarişi ilə qəbul olmuşam . Sözsüz ki, bu təsadüfi və ya son anda verilmiş bir qərar deyildi. Daha kiçik yaşlarda hansı ixtisası seçəcəyim hər kəsə məlum idi. Oxuduğum bir ilin ardından universitetimizdə yer alan “SABAH” qruplarına qəbul olaraq bakalavr təhsilimi orada davam etdirdim. Hal-hazırda isə AzMİU - da magistr təhsili alıram. “SABAH” qruplarında təhsil almağım gələcək həyatımın və karyeramın formalaşmasında çox böyük önəmə sahibdir. Universitetimizin və “SABAH” - ın tələbələrə vermiş olduqları təhsilə, yaratmış olduqları geniş imkanlara görə AzMİU-nun,  eyni zamanda “SABAH” qruplarının  rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

       

     Universitetdə qazandığınız nəzəri  biliklər iş prosesində köməyinizə çatırmı?   

     - Əlbəttə ki, söhbət inşaatdan gedirsə nəzəri biliklərin önəmi çoxdur. Nəzəri biliklər inşaat zamanı fikir sahibi olmağa və yeri gəldikdə fikir söyləməyə imkan yaradır. Qazandığım biliklərin iş zamanı mənə kömək etdiyi hər an müəllimlərimin dəyərini daha yaxşı anlayıram. İxtisas fənlərinə xüsusi marağım olması ilə yanaşı həmin fənləri mənə sevdirən, mənə dəstək olan və öyrənməyim üçün səy göstərən müəllimlərimə, xüsusi ilə Muxlis Hacıyevə, eyni zamanda İradə Şirinzadəyə, Cahangir Əsgərova, Dilqəm Mahmudova, Ramiz Əliyevə, Alik Nəcəfova, Rövşən Səmədova, Sahib Fərzəliyevə və onların nəzərində bütün müəllimlərimə çox şey borcluyam və onlara təşəkkür edirəm. Hər bir nailiyyətimdə müəllimlərimin rolu böyükdür və gələcəkdə də bu dəyişilməz  olaraq qalacaq.

       

    Tələbələrin bir qismi  istehsalat təcrübəsinə getməyə həvəsli deyillər. Amma müşahidələr göstərir ki, nəzəri biliklərlə yanaşı təcrübə də önəmlidir. Siz necə düşünürsünüz təcrübə gələcək karyerada nə dərəcədə  rol oynayır?

     ⁃Tələbələr əsasən ixtisas seçimini sonda edir, bu da onu göstərir ki, tələbələr iki hssəyə ayrılır. İxtisasını sevənlər və seçim sonrası peşman olanlar. Tələbələr universitetdə lazımi qədər zehni işlə məşğul olur, yeni biliklər öyrənir, bəziləri öyrəndiklərini təsəvvür edə bilir, bəziləri isə yox. İstehsal təcrübəsi tələbəyə imkan yaradır ki,  inşaat prosesini izlədikcə öyrəndiklərinin əslində nə olduğunu daha yaxşı mənimsəsin, təsəvvür edə bilmədiklərini görsün. Nəzəri biliklər öyrənilir, lakin, təcrübə isə onun harda və necə istifadə etmək lazım olduğunu insana öyrədir. Bir sözlə təcrübə önəmlidir.

    

      Necə oldu “PMD Projects” MMC kimi nüfuzlu şirkətdə işə düzəldiniz?

     ⁃“PMD Projects” MMC hər il universitetimizdə təşkil edilən Karyera yarmarkasında iştirak edən qabaqcıl şirkətlərdən biridir. Mən də o gün hər kəs kimi “Məzun Proqramı” üçün CV sənədini şirkət nümayəndələrinə təqdim etdim. Nəticədə imtahana dəvət aldım. Şirkət nümayəndələri  ilə müsahibələrdə iştirak etdim. Prosesin yekununda mən də qaliblər sırasında yer aldım. “PMD Projects” MMC şirkəti hər zaman gənclərimizə imkanlar yaratmağa, onlara dəstək olmağa çalışır. Gənclərimiz üçün atılan belə addımlar onların zaman itirməsinin qarşısını alır, təcrübə toplamasına və nəticədə əsl mütəxəssis kimi yetişməsində yardımçı olur. Gənclərimizə verilən fürsətlər və eyni zamanda dəstəklərdən ötrü “PMD Projects” MMC-yə təşəkkür edirəm.   

        

       Hazırda şirkətdəki işiniz, ümumiyyətlə iş prosesi sizə maraqlı gəlirmi?

     ⁃Mənim fikrimcə, öz ixtisasını sevən hər bir tələbənin arzusu gələcəkdə həmin ixtisas üzrə işləyib, uğurlarının davamını gətirməkdir. Mən də həmin şanslı tələbələrdən biriyəm. Bu səbəbdən, İnşaat mühəndisi vəzifəsində işləmək, tikinti prosesini yaxından izləmək, bir-birindən fərqli konstruksiyaya malik inşaat obyektlərinin hazırlıq, layihələndirmə, tikinti kimi prosedurlarında iştirak etmək, hər yeni işdə, yeni qurğuda qarşıma çıxan fərqli tikinti təcrübələrinə yiyələnmək, əlbəttə ki, mənim üçün çox maraqlıdır. Bu işi maraqlı edən təkcə inşaat tərəfi deyil, şirkət kollektivinin də önəmi böyükdür. Şirkətdə çalışdığım müddət ərzində təcrübəli inşaat mühəndisləri, və mütəxəssisləri ilə gündəlik ünsiyyətdə olmaq, onların işlərinə göstərdikləri maraq və diqqəti görmək, həmçinin şirkətdəki münasibətlər, gənclərə göstərilən diqqət mənim işimi daha həvəslə görməyimə stimul yaradır.

 

          İşinizdən razısınızmı?

         ⁃Əlbəttə ki, razıyam.

 

          Karyeranızla bağlı yeni hədəfləriniz, planlarınız varmı?

         ⁃Hər bir inşaat mühəndisi kimi mən də ilk olaraq ixtisasımı daha dərindən mənimsəməyə səy göstərirəm. Özümü bu istiqamətdə təkminləşdirməyə davam edəcəyəm. Bakının böyük həcmli layihələrində işləyib, uğurlarımın davamını gətirmək, yeni infrastrukturların, müxtəlif təyinatlı layihələrin inşaasında yer almaq gələcək hədəflərimdəndir.  

         

          AzMİU-da magistr təhsili alırsınız. Bir az ondan danışardınız....

        ⁃ Bəli,  AzMİU – nun İnşaat fakültəsinin Sənaye və mülki tikinti ixtisasının II kursunda təhsil alıram. Bakalavr dövründən artıq ixtisasım üzrə magistratura pilləsini davam etdirəcəyimi planlaşdırmışdım. Həm işləyib, həm də təhsil ala bilmək düşünürəm ki, böyük şansdır. Çünki, tikinti sahəsində işlədiyim ilk illərdir və bu səbəbdən gördüyüm hər bir işdən təcrübə qazanıram. Bu təcrübələrin müəyyən bir qismini də tikintidə qarşıma çıxan sualları müəllimlərimlə bölüşərək, müzakirə apararaq, fikir mübadiləsi edərək əldə edirəm. Beləliklə magistratura  pilləsində aldığım nəzəri biliklər, həm də praktiki təcrübələrimi bölüşmək imkanı mənim bu sahədə inkişafımda böyük rol oynayır.

     

        Azad edilmiş torpaqlarda quruculuq və abadlıq işlərində  sizin kimi gənc inşaatçılara ehtiyac olacaq. Belə bir arzunuz varmı ki, həmin inşaatçı qrupların tərkibində siz də  olasınız?

       ⁃Bakalavr təhsilim zamanı bizlər qruplara ayrılaraq işğal altında olan şəhərlərimiz və daxilində yer alan tarixi abidələrimiz haqqında araşdırma edirdik. Bilirdik ki, düşmən tarixi abidələrimizi, şəhərlərimizi dağıdıb. Qarabağda  qalan abidələrimizdə isə ciddi rekonstruksiya tədbirləri həyata keçirilməlidir. Bu məqsədlə işğal altında olan şəhərlərimizi yenidən ayağa qaldırmaq üçün kiçik həcmli layihələr hazırlayır, fikirlər irəli sürürdük. İştirak etdiyim layihə Laçın şəhəri ilə bağlı idi. Layihəmizin adını isə “Smart Laçın” olaraq adlandırmışdıq. Təsəvvürlərimiz və fikirlərimiz bu yöndə idi ki, Laçın şəhərini “Ağıllı şəhər” olaraq yenidən inşa edək. “Əşyaların interneti” - ni şəhərimizdə tətbiq edək. Şəhərin enerjisini isə günəş panelləri və coğrafi şəraitə uyğun olaraq külək turbinlərindən qarşılayaq. Tələbə vaxtı hazırladığımız layihələri artıq reala çevirə bilərik. Bu gün işğal altındakı torpaqları həmyaşıdlarım və eləcə də böyük qardaşlarım şəhid olaraq öz qanları bahasına düşməndən azad edib. Qarabağı dirçəltmək, şəhərlərimizi əvvəlki görkəminə qaytarmaq bizim işimizdən çox borcumuzdur . Mən də bir Azərbaycanlı olaraq bu prosesdə iştirak etmək və onun bir parçası olmaqdan qürur duyaram.

       Sonda uğurlu karyera qurmaq istəyən tələbələrə tövsiyyəniz...

       ⁃ Uğurlu karyera üçün tələbələr öncə hansı ixtisası seçəcəyinə qərar verməlidir. İxtisas seçimi isə bu qərarların başında gəlir. Öz ixtisasını sevən hər bir tələbə əlbəttə ki, uğur qazanacaq. Mənim tövsiyəm isə odur ki, universitet illərində qarşılarına çıxan  imkanlardan yararlansınlar. Tədris edilən fənləri mənimsəyib, ixtisasları ilə bağlı təcrübə toplamağa çalışsınlar. Təcrübələrində müasir texnologiyalardan yararlanıb, öz biliklərini təkmilləşdirməyə çalışsınlar. Qarşılarına hədəf qoyaraq, həmin hədəfə çatana qədər özlərinə olan inamı itirməsinlər.

02-02-2021