AzMİU-nun professoru TV-də memarlıq abidələrimizin Qarabağda ermənilər tərəfindən dağıdılması və erməniləşdirilməsindən danışdı

         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq konstruksiyaları və abidələrinin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva “Xəzər” telekanalında yayımlanan Birinci studiya xəbər proqramının qonağı olub. Lalə Azərtaşın aparıcısı olduğu proqramda kafedra müdiri ermənilərin tarixi Azərbaycan ərazisi olan Qarabağda abidələrin dağıdılması, erməniləşdirilməsi, xarici ölkələrdə memarlıq incilərimizi hərraca çıxarma cəhdlərindən söhbət açıb.

         Qafqazda köklü tarixləri olmayan ermənilərin məqsədli şəkildə alban abidələrini mənimsəmək, alban memarlığının milli mənsubiyyətini dəyişmək yolu ilə özününküləşdirmək istəklərini qeyd edib. Lakin professor qeyd edib ki,  gürcü və erməni abidələri alban abidələrindən naxış, dekor, müxtəlif xüsusiyyətlərinə  görə köklü şəkildə fərqlənir. 

          “Bu abidələrin yenidən bərpası üçün bizə nə qədər zaman lazımdır?” sualını cavablandıran S.Hacıyeva, AzMİU-nun memar tələbələri ilə birgə memarlıq abidələrimizə məxsus tarixi arxiv sənədlərini qaldıraraq həmin abidələri işğaldan əvvəlki vəziyyətinə qaytarmaq üçün tarixi mənbələr, kitablar, arxiv materialların araşdırıldığını, beləliklə birinci mərhələnin tamamlandığını deyib. Yerdə qalan işin isə bərpa olduğunu deyən alim tələbələrlə birgə tarixi memarlıq abidələrimizin əvvəlki görünüşünə qaytarılması yolunda işlərə başlamağa tam hazır olduqlarını dilə gətirib.

01-11-2020