“2020-ci il dövlət qulluğuna qəbulun aspektləri” adlı onlayn təlim keçirilib

          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera şöbəsinin əməkdaşları tələbələr üçün “2020-ci il dövlət qulluğuna qəbulun aspektləri” adlı onlayn təlim keçirib. Təlimdə qonaq olaraq dövlət qulluğu məsələləri üzrə ekspert Turan Məmmədli iştirak edib.

          Tədbiri giriş sözü ilə açan AzMİU-nun Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev gənclərin dövlət qulluğuna maraq göstərməsinə və onların bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağın əhəmiyyətindən danışıb. Daha sonra şöbə əməkdaşları Afaq Sadiqova və Aydan Dadayeva da tələbələrə mövzu ilə bağlı öz tövsiyyələrini veriblər.  

          Təlimdə qonaq olan dövlət qulluğu məsələləri üzrə ekspert Turan Məmmədli çıxışında dövlət qulluğu və kadr siyasəti məsələlərində qanunvericilik bazasında edilmiş zəruri dəyişikliklər, dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğunda çalışmağın üstünlükləri və digər məsələləri iştirakçıların diqqətinə çatdırıb. Həmçinin ekspert Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə dövlət qulluğu sahəsində göstərilən elektron xidmətlər – test imtahanlarında iştirak etmək üçün qeydiyyat prosesi, qəbul imtahanı proqramları, sertifikatların verilmə qaydası, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibə elanları, vəzifə təlimatı, müsahibələrə hazırlıq haqqında geniş məlumat verib.

          Öncədən qeydiyyatdan keçən tələbələrimiz təlimdə olduqca aktiv iştirak ediblər. Onlayn təlim zamanı iştirakçıların çoxsaylı sualları T.Məmmədli tərəfindən ətraflı şəkildə cavablandırılıb. Təlimdən razı qalan tələbələr təşkilatçılara və ekspertə təşəkkürlərini bildiriblər. Təlimin sonunda tələbələr arasında keçirilən kiçik sorğunun nəticəsi olaraq maarifləndirici təlimlərin davam etdirilməsinə yekdil qərar verilib.

 

17-05-2020