İtaliya-Azərbaycan Dizayn Mərkəzinin videokonfransında tələbələr üçün keçirilən müsabiqənin şərtləri elan olunub

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzi  məlum vəziyyətlə əlaqədar olaraq aprelin 24 və 25-də Memarlıq fakültəsinin tələbələri ilə onlayn şəkildə videokonfrans keçirib. Konfrans zamanı Mərkəzin direktoru Fərid Kərimov tələbələrə mərkəzin elan etdiyi iki müsabiqə və onun şərtləri haqqında ətraflı məlumat verib.  

          O, qeyd edib ki, müsabiqələrdən biri İADM üçün müasir, orijinal və yaddaqalan loqotipin yaradılması, digəri isə universitetin ərazisində quraşdırılması nəzərdə tutulan park mebelləri, kiçik memarlıq formaları, skamyalar, masa və oturacaqlar daxil olmaqla modul parkletlərin dizayn tərtibatına aiddir. Mərkəzin rəhbəri yaranan suallara cavab verib, skamya müsabiqəsi üçün lazım olan ölçmə cizgilərini paylaşıb və artıq hazır işlərin əsasında formalaşan fikir və düzəlişləri tələbələrin diqqətinə çatdırıb.

          Konfrans zamanı həmçinin Dizayn kafedrasının müdiri Təranə Bəkirova çıxış edərək mərkəzin fəaliyyət istiqamətləri haqqında ümumi məlumatları diqqətə çatdırıb və loqotipin tərtibatında tələbələrin xüsusi diqqət yetirəcəkləri məqamları vurğulayıb. Konfransa qoşulan Dizayn kafedrasının baş müəllimi Pərviz Əliyev və Landşaft memarlığı kafedrasından baş müəllim Elmira Abdullayeva tələbələrə öz məsləhətlərini veriblər. Ümumilikdə iki gün ərzində konfransa 100-ə yaxın tələbə və həmçinin müəllimlər də qoşulublar.

          İADM-in təşkil etdiyi bu müsabiqələrdə məqsəd tələbələrdə dizayn və memarlıq bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların real layihələrdə iştirakını təşkil etmək, əraziləri abadlaşdırmaqla gənclərdə ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir. Eyni zamanda belə tədbirlərin keçirilməsi karantin dövründə tələbələrdə ruh yüksəkliyinin saxlanmasına, onların tədris-təlim prosesindən geri qalmamalarına və özünütəcrid şəraitində real layihələrdə iştirak edə bilmələrinə dəstək xarakteri daşıyır.

          Məlumat üçün onu da qeyd edək ki, müsabiqələr yaz semestrinin sonuna qədər davam etdirilərək tələbələrdən işlər qəbul olunacaq və tədis prosesi bərpa olunanda qaliblər elan olunacaq.  

27-04-2020