Elmi Şuranın növbəti iclası
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov 2018-19-cu tədris ilinin yay imtahan sessiyasının yekun nəticələri barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Prorektor çıxışında vurğulayıb ki, imtahanların nəticələrinə görə universitet üzrə müvəffəqiyyət göstəricisi 54.6 faiz, keyfiyyət 15.2 faiz olub. “Ümumilikdə imtahanların nəticələri qənaətbəxşdir, amma etiraf etməliyik kiŞ müəyyən qüsurlar var. Məsələn, bəzi hallarda imtahanlara giriş balları ilə imtahanlarda yığılan ballar üst-üstə düşmür və yaxıd əksinə. Bu məsələlərdə müəllimlərin mövqeyi başa düşülmür, ona görə ciddi araşdırılmalıdır. Belə qüsurların aradan qaldırılması üçün çalışmaq lazımdır”.
Prorektor istehsalat təcrübələrindən də danışıb, 1359 tələbənin 4-cü kursun ikinci semestrində təcrübədə olduğunu, 28 tələbənin iştirak etmədiyini diqqətə çatdırıb. Geniş hesabatında məzunların buraxılış işlərinin hazırlanmasına toxunan A.Qasımov mövzuların aktualllığının, təkrarlanmamasının vacibliyini qeyd edib. O, universitetdə təşkil olunan yay məktəblərinin fəaliyyəti, ötən semestrdə 425 tələbənin bu məktəblərdə imtahanlara hazırlaşması, onlardan 269-nun yazılı, 93 tələbənin test üsulu ilə imtahandan keçməsi barədə məlumat verib. Hesabat məruzəsində prorektor universitetin nəzdindəki İnşaat kollecində keçirilən yay imtahan sessiyasına da toxunub, 977 tələbənin imtahanlarda iştirak etdiyini, kollec üzrə müvəffəqiyyət göstəricisinin 67 faiz olduğunu deyib.
A.Qasımovun geniş hesabatından sonra müxtəlif suallar ətrafında müzakirələr aparılıb, cari məsələlər müzakirə olunub.