İnşaat fakültəsində buraxılış işlərinin müdafiəsi uğurla davam edir     

     İnşaat fakültəsində buraxılış işlərinin müdafiəsi uğurla davam edir     
          Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. İyunun 2-dən başlayan imtahanlar iyulun 2-də yekunlaşacaq. Eyni zamanda bakalavriat səviyyəsində bəzi fakültələrdə 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işinin müdafiəsi artıq başlayıb.
          İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyevdən aldığımız məlumata görə, İnşaat mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində buraxılış işlərinin müdafiəsi iyunun 21-dən başlayıb, iyulun 5-nə qədər davam edəcək. Əyani rejimdə keçirilən müdafiə günləri qruplar üçün  təyin edilmiş qrafik üzrə yerinə yetirilir. Bu gün 15 tələbə ilk dəfə prezentasiya şəklində buraxılış işlərini müdafiə ediblər. 
          Fakültədə bakalavr tələbələrin buraxılış işlərinin müdafiəsinə tərkibi 7 nəfərdən ibarət Dövlət Attestasiya Komissiyası nəzarət edir. Komissiyanın sədri Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinin Konstruksiya şöbəsinin müdiri Lətif Zeynalov, üzvləri İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, İnşaat konstruksiyaları kafedrasının müdiri Müxlis Hacıyev, Əcnəbi tələbələrin dekanı Polad Sadıkov, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdir əvəzi Rövşən Quliyev, kafedranın dosentləri Ramiz Əliyev və Rasim Bayramovdur. 

04-07-2022