AzMİU-da semester imtahanları başlayıb

            Bu gündən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyası onlayn formada öz işinə başlayıb. Onlayn yay imtahan sessiyası iyulun 2-də yekunlaşacaq. Bütün imtahanlar onlayn rejimdə test və yazılı üsulla keçirilir. İmtahan cədvəlləri universitetin İmtahan mərkəzi tərəfindən hazırlanaraq İKT mərkəzinə təqdim olunub, imtahan qaydaları tələbələrə izah olunub və imtahanların keçirilməsi üçün texniki çəhətdən lazımı avadanlıqlarla təchiz olunmuş imtahan nəzarət-proktor otağı fəaliyyət göstərir. Xüsusi təlim keçmiş koordinatorlar tələbələrin imtahanlara daxil olmararı və imtahan zamanı yaranan problemlərin vaxtında aradan qaldırılmasını təmin edirlər.

            Bu gün 66 qrup üzrə 11 imtahan keçirilib, onlardan 46-sı test, 20-si isə yazılı formada aparılıb. İmtahanlarda toplam 1587 tələbə iştirak edib. Onlayn imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı bir problem yaranmayıb. İmtahanların gedişi AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, prorektorlar, dekanlar və kafedra müdirləri tərəfindən izlənilib.

             Qeyd edək ki,  AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prossesi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə İmtahan Qərargahı, imtahanların qiymətləndirilməsində yaranan  şikayətlərin baxılması üçün isə AzMİU-nun rektorluğu yanında Münaqişə Komissiyası yaradılıb. Bundan başqa, bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Universitetin rektoru şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin onlayn qaydada etdikləri müraciətlərə baxır və müvafiq tapşırıqlarını verir.

 

 

 

02-06-2021