AzMİU-da Almaniyanın WILO  SE şirkətinin elmi-tədqiqat laboratoriyası açılıb

         Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşəbbüsü ilə Almaniyanın WILO  SE şirkəti tərəfindən hədiyyə edilmiş WILO elmi-tədqiqat laboratoriyasının açılış mərasimi olub. Laboratoriyanın açılışında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Almaniyanın Azərbaycandakı səfirliyinin attaşesi Zübeydə Oyan, Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Çingiz Əhmədov, şirkətin əməkdaşları və universitetin professor-müəllim heyəti iştirak edib.

          Öncə laboratoriyanın rəmzi açılışını bildirən lent kəsilib. Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov yeni yaradılmış laboratoriya barədə ətraflı məlumat verərək bildirib ki, dünyanın 5 ən böyük su nasosları istehsalçılarından olan WILO  SE şirkəti bu gün bina texnikası, su idarəçiliyi və sənaye sektorunun premium təchizatçısıdır. O, şirkətin AzMİU-ya hədiyyə etdiyi laboratoriyada quraşdırılmış, Çelyabinskdən gətirilmiş stend barədə də məlumat verib, geniş texniki imkanlara malik olan yeni laboratoriyanın həm tədqiqat işlərində, həm də tədris prosesində  kafedranın əməkdaşlarına və tələbələrə böyük dəstək olacağına əminlik ifadə edib.

          Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Çingiz Əhmədov AzMİU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və təmsil etdiyi şirkətin 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, əlaqələrin daha da möhkəmlənməsi üçün gələcəkdə birgə seminar və treninqlərin keçirilməsini, tələbələrə sertifikatların verilməsini təklif edib. 

          Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann labortoriyanın açılmasını alqışlayıb, universitetin istehsalatla, şirkətlərlə əlaqələrinin qurulmasının, işgüzar əməkdaşlıqların vacib olduğunu vurğulayıb.  

          Mərasimdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova müasir laboratoriyanın yaradılmasını universitetin maddi-texniki bazasının gücləndirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirib, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib. Universitetin, eləcə də Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının istehsalatla geniş əlaqələrinin olduğunu, bu əlaqələrin tədris prosesinə, kadr hazırlığına müsbət təsir göstərdiyini vurğulayan rektor bu günki açılış mərasimini də uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

02-06-2021