Ölkəmizdə təhsil alan əcnəbi tələbələr Hərbi Qənimətlər parkında olublar

         Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alan bir qrup  əcnəbi tələbə açıq səma altında salınan Hərbi Qənimətlər parkını ziyarət edib,  44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika  ilə tanış olub. Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyat keçirilən aksiyaya ölkəmizin digər ali məktəblərində oxuyan əcnəbi tələbələr də qoşulub.

          Xarici tələbələrə məlumat verilib ki, Azərbaycan Ordusunun şanlı Qələbəsinin bir növ canlı muzeyi olan Hərbi Qənimətlər Parkında 44 günlük Vətən müharibəsində düşmənin Azərbaycan Ordusu tərəfindən  darmadağın edilən və bir hissəsi qənimət kimi götürülən hərbi texnikaları nümayiş olunur. Burada həm vətəndaşlarımız, həm də ölkəmizdə yaşayan, təhsil alan tələbələr, gələcəkdə turistlər İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.

          Tələbələr Vətən müharibəsində döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlər - atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olaraq xatirə fotoları çəkdiriblər.

         Məlumat üçün qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

 

05-05-2021