28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günüdür

          İşçilərin təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günü elan olunub. Bütün dünyada olduğu kimi, ölkəmizdə də hər il 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd olunur. Azərbaycan 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olub, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul edib.

         Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə yüksək diqqət və qayğını özündə ehtiva edir. Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Bunun nəticəsidir ki, işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə ölkəmizdə fəal dövlət siyasəti həyata keçirilir.

           Hər il olduğu kimi bu il də BƏT tərəfindən aktuallıq kəsb edən konkret mövzu müəyyən olunub. Belə ki, bu il Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusu COVİD-19 pandemiyası ilə əlaqədar olaraq “Böhranı qabaqlamaq və ona hazır olmaq, dayanıqlı əməyin mühafizə sisistemlərinə investisiya qoymaq,  birlikdə qaydalara riayət etməklə bu böhrandan çıxmaqdır”. Pandemiya dövründə iş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əməyin mühafizəsinin böyük rolu vardır. İşçilərin infeksiyaya yoluxma riskindən mühafizə olunması üçün aşağıdakı şərtlərə riayət etmələri vacibdir:

  • Fiziki distansiya - insanlar arasında kifayət qədər məsafə saxlanılmalıdır. İşlərin mümkün olan qədər virtual görülməsi, yəni, telefon, elektron poçt vasitəsi ilə, iclasların onlayn qaydada keçirilməsi, işlərin növbəli aparılması lazımdır.
  • Gigiyena - iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin təmiz yuyulması mütləqdir.
  • Təmizlik işləri - iş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompyuter avadanlıqlarının,  tez-tez istifadə olunan digər əşyaların davamlı olaraq antiseptik maddələrlə dizenfeksiya olunması vacibdir. İstifadə olunan otaqlar və sanitariya qovşaqları dezinfeksiya olunmalıdır.
  • Təlimatlandırma və marifləndirmə tədbirləri - işə cəlb olunan bütün işçilər pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydaları, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələri barədə təlimatlandırılmalıdırlar.

           Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun əhəmiyyəti böyükdür. Sosial dialoq təkcə işçilərin  fiziki və psixoloji sağlamlığının qorunmasına deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrinin aradan qaldırılmasına da kömək edir. Bununla əlaqadar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsi pandemiya dövründə universitetin işçilərini infeksiyadan qorumaq üçün  lazımı təlimat və bukletlərlə təmin edirlər. Şöbəmizin əməkdaşları hər həftə kafedra, dekanlıq və şöbələrdə yoxlamalar keçirərək  pandemiyaya qarşı sosial və gigenik qaydalara necə riayət olunmasını yoxlayırlar. Monitorinqlər zamanı bəzi dekanlıq və kafedralarda neqativ hallara yol verilməsi faktı aşkarlansa da, maarifləndirmə, təbliğatın nəticəsi olaraq ümumilikdə bütün qaydalara riayət olunduğu müşahidə edilir. Məhz bu səbəbdən Universitetimizdə kütləvi yoluxma halı qeydə alınmayıb. Bu da bizim birgə əməyimizin ümumi qələbəsidir.

 

 

 

 

 

28-04-2021