AzMİU qüdrətli Ordumuzun yanındadır

          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədovanın sədrliyi ilə rektoratın iclası keçirilib. Rektor sentyabrın 27-dən başlayaraq Ermənistan-Azərbaycan təmas xəttində qüdrətli Ordumuzun həyata keçirdiyi əməliyyatlardan, hərbçilərimizin işğalçı düşmənin silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasından, rayon və kəndlərimizin işğaldan azad olunmasından danışıb.

          Bu tarixi günlərdə AzMİU kollektivinin cəbhədə baş verənləri diqqətlə izlədiyini, Ordumuzun zəfərlərindən qürur və şərəf duyduğunu, hadisələrə böyük diqqət və həssaslıqla yanaşdığını dilə gətirən G.Məmmədova ali baş komandan İlham Əliyevin yanında olduğumuzu, Ordumuza dəstək nümayiş etdirdiyimizi vurğulayıb. Rektor rəhbərlik etdiyi universitetin Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat məbləğində vəsait köçürdüyünü deyib. Eyni zamanda o qeyd edib ki, Orduya, əsgərlərimizə dəstəklər davam edir, AzMİU-nun Müəllimlərin Həmkarlar İttifaqının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin, AzMİU Qadınlar Şurasının təşəbbüsü ilə yaxın günlərdə əsgərlərimizə sovqatlar aparılacaq.

          İclasda çıxış edən AzMİU Qadınlar Şurasının sədri Salatın Əhmədli, ST və MKS fakültəsinin dekanı Zakir Musayev, İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov, Magistratura Mərkəzinin direktoru Rövşən Səmədov, THİK-in sədri Bayram Aslanov və başqaları Ordumuzun qələbələrini böyük sevinclə qarşıladıqlarını, hərbçilərimizə hər cür dəstək dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

05-10-2020