Holcim (Azərbaycan) ASC müəllim və tələbələrimizi müsabiqəyə dəvət edir

           

     Yanvarın 24-də Azərbaycanın ən böyük sement istehsalçısı Holcim (Azərbaycan) ASC-nin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetidə (AzMİU) professor-müəllim heyəti və tələbələrlə görüş keçirib. 
      Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşün məqsədi sayca VI olan Beynəlxalq LafargeHolcim Mükafatları müsabiqəsi barədə universitet heyətini məlumatlandırmaq, qeydiyyat üçün qoyulan şərtləri onların diqqətinə çatdırmaq olub. 
      Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Mehdi Mehdiyev müsabiqənin şərtləri, qeydiyyat prosesi ilə bağlı geniş təqdimatla çıxış edib. Müsabiqənin məqsədinin inşaat sahəsində dayanıqlı inkişafla bağlı innovativ, qeyri- adi və yaradıcı layihələrə dəstək olmaq olduğunu bildirib.O, çıxışında layihələrin əsas və növbəti nəsil olmaqla iki kateqoriya üzrə qruplaşdırıldığını deyib və hər kateqoriyada qarşıya qoyulan tələblərə toxunub.            

     Şöbənin meneceri Rəna Tahirova mükafat fondu iki milyon dollar olan müsabiqənin ötən ilin iyunun 4-də elan edildiyini, davamlı inkişafa əsaslanan inşaat layihələri üzrə dünyada ən vacib müsabiqələrdən biri olduğunu deyib. 
     Onu da qeyd edək ki, Beynəlxalq LafargeHolcim Mükafatları müsabiqəsi memarları, mühəndisləri, layihəçiləri, dizaynerləri, inşaat sahəsində təhsil alan tələbələri müsabiqəyə qoşulmağa dəvət edir. Müsabiqədə iştirak etmək üçün ərizələr 4 iyun 2019-cu il tarixindən başlayaraq qəbul olunur. Layihənin təqdim olunması üçün son tarix 25 fevral 2020-ci ildir.

     Sonda auditoriyanın  çoxsaylı sualları şirkət nümayəndələri tərəfindən cavablandırılıb.

24-01-2020