AzMİU-da İtaliyalı memar Nicola Ruggiero ilə görüş keçirilib

İtaliyalı memar Nicola Ruggiero Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. 

AzMİU-nun və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) birgə təşkil etdiyi görüşdə universitetin əməkdaşları və tələbələr iştirak edib. 

Universitetin konfrans zalında gerçəkləşən görüşdə Genuya Memarlar Assosiasiyasının üzvü, Azərbaycan da daxil olmaqla geniş beynəlxalq təcrübəyə malik olan xarici memar Nicola Ruggiero “Müasir şəhərsalma və memarlıq: Yaşıl texnologiyanın tikintidə tətbiqi və İtaliya təcrübəsinin adaptasiyası” mövzusunda çıxış edib. 

Beynəlxalq mütəxəssis dünya memarlığına verdiyi töhfələr, müasir şəhərsalma və memarlığın formalaşdırdığı tendensiyalar, innovativ həllərin memarlığa təsiri, yaşıl texnologiyanın tikintidə tətbiqi istiqamətində gənclərlə diskussiya aparıb. 2006/2012-ci illərdə Avropa və Asiyada çalışdığı Hanoy şəhərinin (Vyetnam) tarixi mərkəzinin, Garden Hill Ho Chi Minh City binalarının, Azərbaycanda Bakı yaşayış kompleksinin dizaynı və Genuyadakı azadlıq Villa la Perlanın binasının yenidən qurulması kimi mühüm layihələrdə qazandığı zəngin təcrübələri bölüşüb, layihələrdə tətbiq olunan yeniliklər və yanaşmaları onların diqqətinə çatdırıb. 

İnteraktiv formada təşkil olunan görüşdə tələbələrin sualları cavablandırılıb, toxunulan mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AzMİU mütəmadi olaraq, istehsalatdan olan yerli və beynəlxalq ekspertlərin tələbələrlə görüşünə şərait yaradır. Onların ixtisasları üzrə qazandığı nəzəri bilikləri praktik yönümlü inkişaf etdirmələrinə dəstək olur. Beləliklə, universitetdə gerçəkləşən görüşlər, seminarlar, master-klaslar istehsalın tələblərinə uyğun kadrların yetişdirilməsinə xidmət göstərir.
 

15-04-2024