Xəbərlər və tədbirlər

 

 

 

                                               Fakültədə  qış imtahan sessiyası başa çatıb
   Əcnəbi vətəndaşların hazırlığı fakültəsində 2023/2024-cü tədris ilinin qış imtahan sessiyası başa çatıb. ƏVHF dekanı, dos.G.S.Əsgərəlizadə və Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dos.S.A.Əhmədova imtahanların gedişi ilə tanış olub.
    Qış imtahan sessiyası yanvarın 15-də başlanıb 19-a qədər davam etdi. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq keçirildi.Tələbələr Azərbaycan dili fənni üzrə həm yazılı, həm də şifahi formada imtahan verdilər. Yazı işlərinin şəffaf və obyektiv şəkildə şifrələnib qiymətləndirilməsi üçün müəllimlərdən ibarət qrup yaradılmışdı. 

            


                                           Tələbələr mükafatlandırılıb
Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı dos. G.S.Əsgərəlizadə 2023/2024-cü tədris ilinin I semestrində dərslərə davamiyyətdə, nizam-intizamda və imtahanlarda fərqlənən tələbələri mükafatlandırıb. Dekan əvvəlcə həmin tələbələri təbrik edib, onlara dərslərində uğurlar arzulayıb. O, çıxışında belə addımların atılmasının digər tələbələrdə həvəs və maraq yaradacağını vurğulayıb. 

                                    
 

 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Şənlikdə fakültənin dekanı G.Əsgərəlizadə, Azərbaycan dili və pedaqogika kafedrasının müdiri S.Əhmədova, fakültənin müəllimləri və tələbələr iştirak edib. Şaxta baba və Qar qızın gəlişi tələbələri sevindirib. Sonda xatirə şəkli çəkdiriblər.

                      

                              

 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı G. Əsgərəlizadə və tələbələr Four Seasons Baku oteldə ali təhsilin beynəlmiləlləşməsi mövzusunda keçirilən “Azərbaycanda Beynəlxalq Təhsil İmkanları” adlı forumda iştirak ediblər. Forumda Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Neman Muradlı, SABAH HUB-un icraçı direktoru Rəhim Bayramlı, Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov, Azərbaycan Tibb  Universitetinin prorektoru Orxan İsayev, ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, TKTA  Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov, BDU rektorunun müşaviri Asiman İlyasov, Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Beynəlxalq Şəbəkəsinin (INQAAHE)  İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Olgun Çiçek mövzu haqqında məruzə ilə çıxış ediblər. 
Forumda əcnəbi tələbələrin iştirakı ilə rəqslər və mahnılar ifa olunub. Əcnəbi tələbələrin təhsili sahəsində fərqlənən yerli ali təhsil müəssisələri və bu müəssisələrdə təhsil alan tələbələr təltif edilib. Sonda forum iştirakçıları şam yeməyində olublar. 
      

 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin  müəllimləri R.Y.Məmmədova və X.R.Rəsulzadənin “Əcnəbi tələbələr üçün əlavə oxu materialı(proqram əsasında)”  adlı dərs vəsaiti çap olunmuşdur. Hazırlanmış  vəsait 4 bölmədən ibarətdir: Dialoq,sərbəst mövzu,ixtisas mətnləri və ölkəşünaslıq. Dialoq bölməsi əcnəbi tələbələrin qarşılıqlı ünsiyyət mübadiləsi üçün çox əhəmiyyətlidir. Həyatın bütün sahələrini əhatə edir. Sərbəst mövzular tələbələrdə sərbəst düşünmə bacarığının inkişafı üçün nəzərdə tutulmuşdur. İxtisas mətnləri hazırlıq fakültəsində müvafiq bölmələrə uyğun təhsil alan həm memarlıq, həm də inşaat tələbələri üçün tərtib olunub. Ölkəşünaslıq bölməsində isə ölkəmizin xüsusi, əlamətdar günləri, tanınmış simaları, məşhur yerləri haqqında qısa məlumatlar öz əksini tapmışdır.

 

 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı,dos.Gülnarə Sabir qızı Əsgərəlizadə 20.11.2023-26.11.2023-cü il tarixlərində Bişkek şəhərində Orhun Akademik dəyişim proqramı üzrə Manas Qırğız-Türk Universitetində ezamiyyətdə olub. Bir həftə ərzində bir neçə ixtisas üzrə dərslərdə iştirak edib. Dərs zamanı tələbələrlə maraqlı  mühazirələr, müzakirələr, fikir mübadiləsi, təqdimatlar keçirilib. Eyni zamanda tələbələrin işlərindən ibarət sərgilər də bu dərslərdə öz əksini tapıb. Dərslərdə Avrasiya Dizayn Birliyinin həqiqi üzvü Aytübü Badahşanova, Dizayn fakültəsinin dekanı prof.doktor Çağatay Akengin, Sezer Erdoğan və başqaları iştirak ediblər.

      

 

 

 

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində Tələbə Həmkarlar İttifaqı və AzMİU Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Bir millət iki dövlət-hər ikisi Cümhuriyyət!” Azərbaycan-Türkiyə adlı rəsm və əl işlərindən ibarət sərgi keçirilib. Sərgini giriş sözü ilə AzMİU Tarixi Muzeyinin direktoru Gülmira Məmmədova açdı. Universitetin prorektoru Orxan Naqdiyev, THİK-in sədri Şahmar Rəfili, AzMİU-nun Təsviri İncəsənət kafedrasının əməkdar müəllimi, əməkdar rəssam Yaşar Səmədov çıxışlarında Azərbaycan Türkiyə dostluğundan, qardaşlığından danışaraq bu sərginin çox əhəmiyyətli olduğunu vurğuladılar.
Sərgidə ƏVHF-nin tələbələri Nezir Kılıç, Zilan Taş, Eray Yaşar Bahadır, Efe Ertuğrul Kalının rəsm və əl işləri də nümayiş olunub. Sonda sərgidə iştirak edən tələbələr mükafatlandırılıb. Qalib tələbələrə diplomları Təsviri İncəsənət kafedrasının müdiri Pərviz Cəfərov təqdim edib. ƏVHF-nin tələbəsi Ertuğrul Efe Kalın ІI yerə layiq görülüb.  

        

  

      
 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin müəllim və tələbə heyəti Heydər Əliyev Mərkəzində olublar. Mərkəzin əməkdaşları əcnəbi tələbələrə dünya memarlığının incilərindən sayılan bina haqqında məlumat verərək bildiriblər ki, öz qeyri-adi quruluşu və memarlığı ilə seçilən bina Bakının simvollarından biri hesab olunur. Mərkəzdə tələbələr əvvəlcə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar. Ulu öndərin hakimiyyətdə olarkən istifadə etdiyi maşınlar tələbələrdə daha çox maraq doğurub. Daha sonra əcnəbi tələbələr Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən eksponatlar, xalçalar, milli geyimlər, milli musiqi alətləri, tarixi-memarlıq abidələrini əks etdirən və Azərbaycanda yerləşən məşhur memarlıq abidələrinin maketləri ilə tanış olublar. Mərkəzdən xoş təəssüratlarla ayrılan tələbələr sonda xatirə şəkli çəkdiriblər.

                       

 

Tarixi kökə söykənən qardaşlıq – AzMİU-da ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin və  Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib.
AzMİU-nun Əcnəbi tələbələrin təhsili üzrə dekanlığının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə rektor professor Gülçöhrə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov və şöbənin əməkdaşları, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə heyətinin başkanı Serkan Sultanlı və əməkdaşları,  professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Əvvəlcə Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal  Atatürkün  çıxışlarının yer aldığı videoçarx nümayiş olunub.
Tədbiri açıq elan edən rektor professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb. Rektor qeyd  edib ki, Azərbaycan və Türkiyə qardaşlığı tarixi köklərə söykənir. Xalqlarımız tarixi birlik və sarsılmaz dostluq əlaqələri ilə bir-birinə bağlıdır və bu iki dövlət konteksində bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulan münasibətlər 44 günlük Zəfər tariximizdə də özünü göstərdi. Xalqlarımızın birliyi bizi hər zaman sevindirir, qürurlandırır, parlaq gələcəyə ruhlandırır.  Çıxışın yekununda Ulu Öndərin tarixi “İki dövlət, bir millət” statını səsləndirən rektor qardaşlığımızın əbədi  olacağına əminliyini ifadə edib. 
AzMİU-da təhsil alan əcnəbi tələbələr onlara təhsil həyatında göstərilən qayğı və dəstəyə görə professor Gülçöhrə Məmmədovaya təşəkkür edib, ona gül buketi təqdim ediblər. 
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov da tədbirin əhəmiyyətinə toxunub, Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında olan dostluq və qardaşlığa verdiyi önəmə diqqət çəkiblər. Tədbir  həm bakalavrda , həm də Əcnəbi tələbələrin hazırlığı fakültəsində təhsil alan tələbələrin ifasında maraqlı çıxışlarla davam edib. “Şən Azərbaycan”, “Heydər xalqım deyəcək”, “Gəz oğlum” mahnıları, “Ben Anadoluyum” və digər şeir kompozisiyaları səsləndirilib. Sonda tələbələr əllərində Türkiyə və Azərbaycan bayraqları ilə səhnəyə çıxıblar.

                        

 

 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin müəllim-tələbə heyəti Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı və müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin dəfn olunduğu, xalqımızın qürur və and yeri olan Şəhidlər Xiyabanında olublar. Burada tələbələrə Azərbaycan xalqının 1990-cı ildə müstəqillik uğrunda keçdiyi şanlı tarixi, mübarizəsi haqqında məlumat verildi. Şəhidlərin məzarı önünə gül dəstələri qoyuldu. Daha sonra əcnəbi tələbələr 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda həlak olmuş Qafqaz İslam Ordusu əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tələbələr sonda xatirə şəkli çəkdiriblər. 

            

 

 

 

Sentyabrın 27-də Əcnəbi vətəndaşların hazırlığı fakültəsində dərslər Anım Gününə həsr olunub. Müəllimlər Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq başlatdığı Vətən müharibəsi haqqında məlumat verib. Saat 12:00-da Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad ediblər. 

            

 

 

 

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsinin müəllim və tələbə heyəti Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunan Hərbi Qənimətlər Parkında olublar. Onlar Parkda nümayiş etdirilən Ermənistan Silahlı Qüvvələrinə məxsus olan tank, qrad qurğuları, top və digər müharibə texnikaları  ilə tanış olduqdan sonra Parkın ərazisindəki videozalda nümayiş etdirilən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbə tvitlərinə, xalqa müraciətlərinə baxıblar. 
Parkda nümayiş etdirilən bütün qənimətlər - alt hissələri mərmi yeşiklərindən hazırlanan oturacaqlar, mərmilərin ərintilərindən hazırlanan işıqlandırma sistemləri, 3-4 metr dərinlikdə qazılmış tank əleyhinə xəndək, mina sahəsi, metal kirpilər tələbələrdə böyük maraq doğurub. 
Sonda tələbələr şanlı Azərbaycan ordusunun işğalçı Ermənistanı məğlub edərək düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunduğu, xalqımızın qürur yeri olan Hərbi Qənimətlər Parkında xatirə şəkli çəkdiriblər. 
 

Əcnəbi vətəndaşların universitetimizin hazırlıq fakültəsinə qəbul davam edir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2023/2024-cü tədris ili başlayıb. Minlərlə əcnəbi tələbəni ətrafında birləşdirən gələcək üçün peşəkar, ixtisaslı memar və inşaatçılar hazırlayan Universitetimizin əcnəbi vətəndaşların hazırlığı fakültəsinə qəbul davam edir.  

 


 

BURAXILIŞ İMTAHANI

Fakültədə 2022-2023-cü il tədris ilinin buraxılış imtahanları başa çatıb.
Qeyd edək ki, imtahanın başlaması ilə əlaqədar Beynəlxalq əlaqələr üzrə prorektor, prof. N.C.Abdullayeva, ƏTTD dekanı P.M.Sadıkov, ƏVHF dekanı, dos.G.S.Əsgərəlizadə və Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dos.S.A.Əhmədova imtahanın gedişi ilə tanış olub tələbələrə uğurlar arzuladılar.
İmtahan sessiyası iyunun 12-də başlanıb və iyunun 23-dək davam etdi. İmtahanlar iki növbə üzrə təşkil olunmuşdu. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq yazılı, şifahi, test və yaradıcılıqla bağlı fənlər üzrə keçirildi. İmtahan işlərinin şəffaf və obyektiv şəkildə şifrələnib qiymətləndirilməsi üçün müəllimlərdən ibarət qrup yaradılmışdı. 
   

 

 

HEYDƏR ƏLİYEV İLİ

   Mayın 19-da Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin rəhbərliyinin təşkilatçılığı ilə tələbə və müəllim heyəti Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib,önünə gül dəstələri qoyublar.

   Tələbələr sonra Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin dəfn olunduğu Şəhidlər Xiyabanını, həmçinin 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda həlak olmuş Qafqaz İslam ordusu döyüşçülərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

   Tələbələr daha sonra hazırda ölkəmizin müasir memarlıq tikililərindən biri olan Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər. Burada onlar bir çox sənət nümunələri, xalqımızın milli irsi olan nadir xalçalar, bədii metal, keramika, şüşə, ağac, kağız, parça, geyim, tikmə, zərgərlik məmulatları və başqa kolleksiyalar tələbələrdə maraq doğurub. Sonda tələbələr xatirə şəkli çəkdiriblər.

   Xatırladaq ki,tələbələrin bu gəzintisi Heydər Əliyev ili və 19 may Atatürkü anma, gənclik və idman bayramı ilə əlaqədar  təşkil olunmuşdu. 

        

        

        

        

    

 

 

 

Əcnəbi tələbələr  Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) silsilə tədbirlər davam edir. AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsində “Azərbaycan dili və nitqin elmi üslubu” fənnindən dərslər  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevə həsr olunub. 

Əcnəbi vətəndaşların təhsil aldığı qruplarda böyük dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna tarixi roluna nəzər salınıb, ölkəmiz qarşısında xidmətləri diqqətinə çatdırılıb. Onun həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.  

Dərslərdən sonra fakültə rəhbərliyi və əcnəbi vətəndaşlar Ulu Öndərin universitetdəki büstü önünə gələrək xatirəsini dərin ehtiramla yad ediblər.

 

 

 

 

K O N F R A N S

ƏVHF-də Heydər Əliyev ili çərçivəsində Ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tələbə və magistrların 45-ci elmi konfransının bölmə iclası keçirilib. Bölmə iclasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva, Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dos.S.A.Əhmədova, müəllimlər və tələbələr iştirak ediblər.

Konfrans öz işinə Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başladı. Konfransı giriş sözü ilə açan S.A.Əhmədova öz çıxışında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, uzaqgörən siyasəti haqqında məlumat verərək hər il may ayında təşkil olunan bu konfransın tələbə və magistrların həyatında, elmi yaradıcılıqlarında  mühüm izlər buraxdığını bildirdi.

İclasda ƏVHF-nin tələbələri Mansur Ölmez, Sarete Aydeniz, Eshgin Aliev, Hammad Alvi, Muhammed Ali Şeker müxtəlif mövzularda çıxış ediblər.

Bölmə iclasında iştirak edən müəllimlər tələbələrin hazırladıqları tezislərin yüksək səviyyədə olduğunu qeyd etdilər.

 

                                     

     

 

 

“ATƏŞGAH MƏBƏDİ” DÖVLƏT TARİXİ MEMARLIQ QORUĞU

Ənənəsinə sadiq qalaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanlığı Azərbaycanın tarixi, memarlığı və incəsənətinin təbliği məqsədilə fakültədə təhsil alan əcnəbi tələbələri müəllim heyəti ilə birlikdə “Atəşgah məbədi” Dövlət tarixi memarlıq qoruğuna ekskursiyaya aparıblar.

Tarixin ən dərin izlərini özündə qoruyub saxlamış bu məbəd tələbələrin böyük marağına səbəb olmuşdur. Bələdçi onlara Suraxanıdakı "Atəşgah məbədi"nin ilk tikililərinin II, III əsrə aid olması, o dövrdə Azərbaycanda zərdüşt dininin yayılması və bununla əlaqədar regionlarda zərdüşt məbədlərinin tikilməsi haqqında məlumat verdi. O bildirdi ki, bu məbədlərdən biri olan Atəşgah məbədi 26 hücrədən və mərkəzi ibadətxanadan ibarətdir. Mərkəzi ibadətxana burada ən müqəddəs yer sayılırdı. Ölkə rəhbəri "Atəşgah məbədi"nin özünəməxsusluğunu, unikallığını və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsini nəzərə alıb hələ 19 dekabr 2007-ci ildə "Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi haqda" sərancam imzalamışdı.

Tələbələr bələdçinin verdiyi məlumatları diqqətlə dinləyərək, hər bir eksponatla yaxından tanış oldular.

Ekskursiyanın sonunda dekanlıq, müəllim və tələbə heyəti xatirə şəkli çəkdirdilər.

 

 

                

                                         

Tələbələrimizin Quba Soyqırımı Memorial Kompleksinə növbəti ziyarəti təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi və tələbələr  31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib. Universitetin nümayəndə heyəti 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə ekskursiya ediblər. Muzey əməkdaşları erməni quldurlarının Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə həyata keçirdikləri kütləvi qətliamlardan, 12 minə yaxın insanın öldürülməsindən, mindən artıq kəndin yandırılması və dağıdılmasından danışıblar. Diqqətə çatdırılıb ki, Soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

 Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam verib. 18 yanvar 2018-ci ildə isə dövlət başçısı 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.

 

                    

 

                                    AzMİU-nun əcnəbi tələbəsinin 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgisi açılıb

Azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105 illiyi ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb. 

AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Sarete Aydenizin rəsm işlərindən ibarət sərgidə universitetin rektoru professor Gülçöhrə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı, universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadənin təşkilatçılığı ilə gerçəkləşən sərginin açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı çıxış edərək, ermənilər tərəfindən 1918-ci ilin martında və aprelində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən dəhşətli cinayət olduğunu bildirib.

Hazırlıq fakültəsinin tələbəsi Sarete Aydeniz  açılış nitqində “Ürəyimin qanayan yarası, qan ağladan qardaş acısı” adlı sərgidə iştirak edənlərə öz təşəkkürünü bildirib. Rəsm əsərlərində faciənin dəhşətli və acı nəticələrinin təsvir olunduğunu, Xocalı hadisələrinin, eləcə də Azərbaycan Ordusunun qələbəsinin də rəsmləri arasında yer aldığını söyləyib.   

Daha sonra qonaqlar sərgiyə baxış keçiriblər. Türkiyəli tələbənin gözü ilə təsvir olunan rəsmlər içərisində ümummilli lider Heydər Əliyevin, şəhid Xudayar Yusifzadənin xatirəsinə ithaf olunmuş əsərlər, “Ana fəryadı”, “Dəmir yumruq”, qanlı qərənfillərin fonunda insan fəryadı təsvirləri də yer alıb.

 

                                      

 

 

                               

 

                                                                AzMİU əcnəbi tələbələrlə iş sahəsində fərqlənməyə görə təltif edilib

Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqlənən 5 ali təhsil müəssisəsi təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnamələr Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə yanaşı, Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinə təqdim olunub. Müəssisələr əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi meyarları nəzərə alınmaqla təltif olunub.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əcnəbilərin cəlbinin təşviqinin prioritet istiqamətlərdən biri kimi dəyərləndirilməsi və bu çərçivədə irəliləyişlərə nail olunması istiqamətində vacib məsələlərə dair məlumat verib. Eyni zamanda, sözügedən sahədə birbaşa fəaliyyət göstərən təhsil müəssisələrinin rolunu qeyd edərək bu istiqamətdə gələcəkdə daha çox işlərin görülməli olduğuna və əcnəbilərin təhsilinə diqqətin artırılmasının əhəmiyyətinə toxunub.

Qeyd edək ki, görüşdə yuxarıda adları çəkilən yerli ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

                 

 

 

 

 

 

                     

 

 

 

 Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələrinin Azərbaycan İncəsənət muzeyinə gəzintiləri təşkil olunmuşdur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin ƏVHF-nin təşkilatçılığı ilə H- 902 A3  qrupunun müəllimi Xəyalə Rəsulzadə və tələbələr üçün  16 mart tarixində  Azərbaycan İncəsənət muzeyinə gəzinti təşkil olunmuşdur. Tələbələr həm Azərbaycan , həm də dünya mədəniyyəti və incəsənətindən olan nümunələrlə tanış oldular. Bələdçinin verdiyi maraqlı məlumatları diqqətlə dinlədilər. Muzeydən xoş təəssüratlarla ayrılan tələbələr sonda xatirə şəkilləri çəkdirdilər.

 

                                                

                   

                                                                       

                        Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri "Ağacəkmə" marafonuna qoşulublar.

17 dekabr 2022-ci il tarixdə universitetdə təhsil alan əcnəbi tələbələrin bir qrupu  Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ekoloji vəziyyətin yaxşılaşdırılması,yaşıllıqların artırılması məqsədilə keçirilən ağacəkmə kampaniyasında iştirak etmişlər.

Ağacəkmə kampaniyasında qurumların rəhbər şəxsləri, işçiləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Türkiyə Cümhuriyyəti vətəndaşları Sıla Zehra Can, Muhammet Ali Şeker, Rusiya Vətəndaşı Eshgin Aliyev, Pakistan vətəndaşı Hammad Alvi həmin marafona qoşulublar.

                                 

 

                                                                       "Study in Azerbaijan"

29 noyabr 2022-ci il tarixdə  Əcnəbi vətəndaşların hazırlığı fakültəsində təhsil alan bir qrup tələbələrin “Study in Azerbaijan” sosial media hesabında şəkilləri paylaşılıb. 

https://www.instagram.com/p/Cli1d__jhG0/?igshid=MDJmNzVkMjY%3D

 

                                 

                               Azərbaycan Memarlıq və İnşaat Universitetində "Zəfər günü"  ilə bağlı tədbir keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində Zəfər günü ilə əlaqədar olaraq bayram konserti təşkil edilib. Tədbirdə rektor, professor G.H.Məmmədova, universitetin professor-müəllim heyəti, tələbələr, Elm və Təhsil Nazirliyinin və xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra əcnəbi tələbələr konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında Azərbaycan mahnıları və vətənpərvər ruhda şeirlər səsləndirilib, rəqslər edilib. Konsert proqramında Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Gamze Yalçın ifa etdiyi “Qarabağ” mahnısı və Tarkan Yusuf  Köksoyun səsləndirdiyi “Bayraq” şeiri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda AzMİU-nun rektoru, professor G.H.Məmmədova konsert proqramını təşkil edənlərə və proqramda uğurla iştirak edən əcnəbi tələbələri təbrik edib, onlara işlərində, təhsil həyatında uğurlar arzu edib. Sonda xatirə şəkilləri çəkilib.

                    

 



         Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olublar.         

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin H-902A2, H-902A3 və H-952A1 qrup tələbələri Milli Azərbaycan Tarixi Muzeyi məşhur milyonçu və xeyriyyəçi- Hacı Zeynalabdin Tağıyevin ev muzeyində ekskursiyada olublar.

Azərbaycan xalqının qədim tarixinin, məişətinin əks olunduğu abidələrin, 300 minədək eksponatın toplanıb mühafizə olunduğu muzey tələbələr tərəfindən maraqla qarşılanıb. Onlar muzeydə Azərbaycanın ən qədim dövrdən 1920-ci ilə qədər olan tarixini, həmçinin milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və onun ailəsinin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Əcnəbi tələbələrə muzeyin yerləşdiyi binanın sahibkar, xeyriyyəçi, neftxuda Tağıyevin və onun ailəsini yaşayış evi olması haqqında məlumat verildi. Daha sonra tələbələr Tağıyevin mülkü hesab edilən binanın ikinci mərtəbəsində memarlıq üslubu ilə seçilən Avropa və Şərq zalı, Tağıyevin iş kabineti, yemək, qonaq və yataq otağında oldular.

Sonda əcnəbi tələbələr Azərbaycan tarixinin bütün dövrlərinə aid mədəniyyət abidələrinin toplandığı bu möhtəşəm muzeydən böyük təəssüratla ayrılıb, şəkil çəkdirib, xatirə dəftərinə öz ürək sözlərini yazdılar.

 

İMTAHAN

     Fakültədə 2021-2022-ci il tədris ilinin buraxılış imtahanları keçirilib.
     Qeyd edək ki, imtahanın başlaması ilə əlaqədar Tədris işləri üzrə prorektor, prof. A.F.Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor, prof. N.C.Abdullayeva, ƏVHF dekanı, dos.G.S.Əsgərəlizadə və Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dos.S.A.Əhmədova imtahanın gedişi ilə tanış olub tələbələrə uğurlar arzuladılar.
     İmtahan sessiyası iyunun 6-da başlanıb və iyunun 10-dək davam etdi. İmtahanlar iki növbə üzrə təşkil olunmuşdu. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq yazılı, şifahi, test və yaradıcılıqla bağlı fənlər üzrə keçirildi. İmtahan işlərinin şəffaf və obyektiv şəkildə şifrələnib qiymətləndirilməsi üçün müəllimlərdən ibarət qrup yaradılıb. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq.

 

 

 

 

____________________________________________________________________________________________________

Azərbaycan Universitetlərində təhsil alan Türkiyə Cümhuriyyəti tələbələrinin məzuniyyət gecəsi
 

     Azərbaycan universitetləri Türk Öğrenciler Birliyi və MÜSİAD-ın Azərbaycan şöbəsinin dəstəyi ilə Azərbaycan universitetlərində təhsil alan Türkiyə Cumhuriyyəti tələbələrinin məzuniyyət gecəsi keçirilib. Gecədə Türkiyənin Bakı Böyükelçisi Cahit Bağcı, Bakı Böyükelçiliği Eğitim Müşaviri Nihat Büyükbaş, Bakıdakı Türk qurum və quruluşlarının təmsilçiləri, Azərbaycan millət vəkilləri, universitet rektorları, prorektorlar, dekanlar və tələbələr iştirak edib. Tədbirdə AzMİU-nun Türk Öyrenci Konseyi başkanı Sefa Dursunun təşkilatçılığı ilə universitetimizi Tədris işləri üzrə prorektor A.F.Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor N.C.Abdullayeva, Ümumi işlər üzrə prorektor A.A.Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor O.Ə. Naqdıyev, İxtisasartırma fakültəsinin dekanı C.N.İmaməliyeva, ƏVHF-nın dekanı G.S.Əsgərəlizadə, Əcnəbi tələbələrin təhsili üzrə dekanlığının dekan müavini K.Ş.Sərdarova, Universitet şəhərciyinin direktoru A.A.Kərimov və digər rəsmilər iştirak edib.

https://twitter.com/trtazerbaycan/status/1534613952059031553?s=24

 

   

____________________________________________________________________________________________________

     Mayın 28-də Türk Öyrenci Konseyinin təşkilatçılığı ilə AzMİU-nun ƏHVF-nin tələbələri və müəllim heyəti 28 May Müstəqillik Günü və fakültəni bitirmələri münasibətilə Qəbələ rayonuna səfər ediblər. Tələbələr “Yeddi gözəl” şəlaləsində, Nohur göldə olublar. Onlar xoş istirahət üçün təşkilatçılara öz təşəkkürlərini bildirdilər.

 
____________________________________________________________________________________________________

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova universitetdə təhsil alan türk tələbələrlə görüşüb.

    Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili dekanlığının dekanı, dos. Polad Sadıkov, Türk Öğrenciler Konseyi və universitet başkanları iştirak edib. Görüşün əsas məqsədi universitetdə təhsil alan türk tələbələrin problemləri, onları maraqlandıran sualları cavablandırmaq və buraxılış imtahanlarına hazırlıq səviyyəsini öyrənmək idi. Sonda tələbələr onların problemlərini dinləyib bu görüşü təşkil etdiyi üçün rektora öz təşəkkürlərini bildiriblər.

 

____________________________________________________________________________________________________

ƏVHF-də “Gələcəyimizi birlikdə düşünək- narkomaniyaya yox deyək” adlı seminar

     Mayın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi vətəndaşların hazırlığı fakültəsində Proqressiv psixologiya və Azad Həyat Reabilitasiya Mərkəzinin psixoloq təlimçiləri Günay Hüseynli və Birgül Qurbanovanın 26 iyun “Ümumdünya narkotiklər əleyhinə mübarizə günü”nə həsr olunmuş “Gələcəyimizi birlikdə düşünək -narkomaniyaya yox deyək” mövzusunda seminarı keçirilmişdir. Seminarda tələbələrə narkomanlığın psixi asılılıq yaradan xəstəlik olduğu, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki və psixoloji cəhətdən məhv olması və narkomaniyanın yayılmasının hər kəsin sağlam həyat tərzi üçün təhlükə yaratması haqqında məlumatlar verilmişdir.
     Seminarın əsas məqsədi sağlam cəmiyyət və sağlam gələcək yaratmaq naminə narkomaniyanın qarşısının alınması idi.

 

____________________________________________________________________________________________________

“KÜLƏYƏ QALİB GƏL” MARAFONU

     Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.
     “Küləyə qalib gəl” şüarı altında keçirilən "Bakı Marafonu-2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Marafonda iştirak üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan, çalışan əcnəbilər, eləcə də bir sıra ölkələrdən nümayəndələr də müraciət ediblər. Qeydiyyatdan keçənlər arasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olublar.
     Marafonda bizim fakültənin tələbəsi ÇXR vətəndaşı Jia Peixuan da iştirak etmişdir.

____________________________________________________________________________________________________

Konfrans

     Mayın 12-də fakültədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbə və magistrantların 44-cü elmi konfransının bölmə iclası keçirilib.
     Bölmə iclasında Aişə Əlizadə, Aytən Orucova, Mələk Hüseynli, Nigar Hüseynova, ƏVHF-nın tələbəsi Samet Şen müxtəlif mövzularda çıxış etdilər. Bölmə iclasında iştirak edən müəllimlər məqalələrin səviyyəsinin yüksək olduğunu qeyd etdilər.

 

____________________________________________________________________________________________________

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ

     Mayın 10-da ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş dərslərdə müəllimlər onun mənalı həyatı və fəaliyyəti barəsində tələbələrə ətraflı məlumat verdilər və sonra ulu öndərin həyatından bəhs edən film nümayiş edildi.
     Dərsdən sonra tələbələr Fəxri Xiyabana gedərək ulu öndərin məzarını ziyarət edib, unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
     Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi dərin ehtiramla anılmış, məzarı önünə gül dəstələri qoyulmuşdur.

____________________________________________________________________________________________________

MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİNƏ EKSKURSİYA

     Azərbaycam Memarlıq və İnşaat Universitetinin Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Milli Azərbaycan Tarixi Muzeyi-Hacı Zeynalabdin Tağıyevin ev muzeyində ekskursiyada olublar.
     Yarandığı ilk gündən həm mədəni-maarif, həm də elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən muzeydə Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən maddi və mənəvi mədəniyyət abidələri toplanır və mühafizə edilir.
     Tələbələrə əvvəlcə muzeyin yerləşdiyi binanın məşhur sahibkar, neftxuda və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olması haqqında məlumat verilmiş, Azərbaycan tarixinə və mədəniyyətinə aid materiallara, ekspozisiya və sərgilərdə nümayiş olunan eksponatlara baxılmışdır.
     Daha sonra tələbələr neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan binanın ikinci mərtəbəsində nəbati naxışlı pilyastrlarla bəzədilmiş və özünün əzəməti, ornamentlərin zərifliyi ilə fərqlənən Avropa və Şərq zalı ilə yaxından tanış oldular. Onlar Tağıyevin kabinetində, yemək, qonaq, yataq və Hacının həyat yoldaşı Sona xanımın öz orijinallığı ilə seçilən tavanı fiqurlu, güzgülü lövhəciklərdən yığılmış kiçik qonaq otağında oldular. Tələbələr bütün dövrlərin tarixi-memarlıq incisi hesab edilən bu möhtəşəm muzeydən böyük təəssüratla ayrılıb sonda xatirə şəkli çəkdirdilər.

 

 

____________________________________________________________________________________________________

Əcnəbi tələbələr Heydər Əliyev Mərkəzində

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  Əcnəbi Vətəndaşların Hazırlığı Fakültəsinin (ƏVHF) təşkilatçılığı ilə fakültənin  müəllim və tələbə heyətinin  Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
     Mərkəzin əməkdaşları tələbələrə Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verərək bildiriblər ki, dünya memarlığının incilərindən sayılan mərkəz  binası müasir Bakının rəmzlərindən biri hesab olunur. 
     Kompleks müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, ulu öndərin irsinin tədqiqi və təbliği,  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. 
     Əcnəbi tələbələr Heydər Əliyev Muzeyi, sərgi zalları ilə yaxından tanış olduqdan sonra xatirə şəkli çəkdiriblər.

  

  

  

____________________________________________________________________________________________________

Quba Soyqırımı Memorial Kompleksinə ziyarət

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi, müəllimlər, universitetdə təhsil alan əcnəbi tələbələr 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu gün Quba rayonuna səfər edib. Səfər zamanı Universitetin nümayəndə heyəti 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, məzarlığın önünə tər çiçəklər düzüblər.
     Əcnəbi gənclər kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı gənclər muzey ekspozisiyasında sərgilənən və qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları, soyqırımı əks etdirən şəkillərlə tanış olublar, onlara 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verilib.  Muzey əməkdaşları erməni quldurlarının Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə həyata keçirdikləri kütləvi qətliamlardan, 12 minə yaxın insanın öldürülməsindən, mindən artıq kəndin yandırılması və dağıdılmasından danışıblar. Diqqətə çatdırılıb ki, Soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
     Tələbələrə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi barədə də geniş məlumat verilib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam verib. 18 yanvar 2018-ci ildə isə dövlət başçısı 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.

  

  
 

____________________________________________________________________________________________________

ƏVHF-da 8 Mart Beynəlxaq Qadınlar Günü


     Əcnəbi vətəndaşların hazırlığı fakültəsində ilə 8 Mart Beynəlxaq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib. Tədbiri fakültədə təhsil alan əcnəbi oğlan tələbələr təşkil edib. Tədbirdə fakültənin dekanı, kafedra müdiri, müəllim və işçi heyəti, tələbələr iştirak edib.
     Fakültənin dekanı G.S.Əsgərəlizadə bayram münasibətilə kafedra müdirini, müəllim və işçi heyətini, fakültədə təhsil alan əcnəbi qız tələbələri təbrik edib, onlara cansağlığı, şəxsi həyatlarında uğurlar arzulayıb. O, bu tədbiri təşkil etdiyi üçün qrup nümayəndələri Muhammed Mert Dinçə, Enes Aslan Yıldıza və AzMİU Türk Öğrenci Konseyi başkanı Sefa Dursuna təşəkkür edib. Sonda fakültədə çalışan və təhsil alan xanımlara gül dəstəsi təqdim olunub. Qadınlar onlara verilən dəyərə görə tədbiri təşkil edənlərə təşəkkürünü bildiriblər.

  
____________________________________________________________________________________________________

Əcnəbi vətəndaşların hazırlığı fakültəsində Xocalı dərsi


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin ( AzMIU ) bütün fakültələrində Xocalı faciəsinin 30 - cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib , soyqırım qurbanlarının xatirəsi anılıb.Universitetin Əcnəbi vətəndaşların hazırlığı fakültəsində hər il olduğu kimi , bu il də ilk dərs Xocalı faciəsinə həsr olunub .
     Fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının müəllimləri hazırlıq qrupunda oxuyan əcnəbi tələbələrə xalqımızın qan yaddaşına həkk olunan Xocalı soyqırımından danışıblar.1992-ci ilin 26 fevral tarixində Xocalıda həmvətənlərimizin başına gətirilən müsibətlər , erməni cəlladlarının törətdikləri insanlığa sığmayan vəhşiliklər , ağır işkəncələrlə qətlə yetirilən soydaşlarımızın faciəvi taleləri dinləyiciləri sarsıdıb .
     Kafedranın müəllimləri Xocalı dəhşətlərini tələbələrə şifahi şəkildə faktlar və sənədlərlə çatdırmaqla kifayətlənməyiblər , Xocalı həqiqətlərini özündə əks etdirən şəkil və videolardan ibarət videoçarx nümayiş olunub.

 

  

______________________________________________________________________________________________________

Nizami Gəncəvi ili


     " Nizami Gəncəvi ili " çərçivəsində elmi seminar keçirilib. Azərbaycan Memarlıq və inşaat Universitetinde ( AZMİU ) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi və " Nizami ili " ilə əlaqədar seminar keçirilib . Universitetin Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə keçirilən seminarda əcnəbi vətəndaşların hazırlığı fakültəsinin baş müfəttişi Əminə Ağayeva , Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi Roza Vəlibəyova , Zemfira Cəlilova , Xəyalə Rəsulzadə, Ruhəngiz Məmmədova və tələbələr iştirak ediblər .  
     Tədbiri giriş nitqi ilə açan Azərbaycan dili və pedaqogika kafedrasının müəllimi Xəyalə Rəsulzadə ölkə Prezidenti İlham Əliyevin 5 yanvar 2021 - ci il tarixli Sərəncamı ilə 2021 - ci ilin " Nizami ili " elan olunması ilə əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirildiyini , bugünkü seminarın  da həmin tədbirlərdən biri olduğunu diqqətə çatdırıb . X.Rəsulzadə böyük şairin irsinin öyrənilməsi , araşdırılması istiqamətində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görülən genişmiqyaslı işlərdən danışıb , hazırda ölkə Prezidentinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər planı haqqında ətraflı məlumat verib . Tədbirdə əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Hayriye Akkuş , Sueda Uğur , Eylül Rabia Keskin , Abdüssamet Genç , Farida Ahmadi  , Erkan Akkuş çıxış edib . 

  

 

______________________________________________________________________________________________________

Əcnəbi tələbələrimiz Zəfər Gününə
həsr olunmuş ağacəkmə aksiyasında


     Noyabrın 20-də Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində “Yaşıl Marafon” layihəsi çərçivəsində “Zəfərdən yaşıl düşüncəyə” devizi altında ağacəkmə kampaniyası baş tutub. 
     Ağacəkmə kampaniyasında müvafiq qurumların rəhbər şəxsləri və aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, "2007-2015 Dövlət Proqramı" və “Hökumətlərarası Təqaüd Proqramları (HTP)" məzunları iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri də iştirak ediblər.
     ƏVHF tələbələri Türkiyə Cumhuriyyəti vətəndaşı Kadriye Öztürk,  “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində  təhsil alan  Jia Peixuan, Dong Zheming, Zhao Xiao  sözügedən marafona qoşulublar.
     Sonda iştirakçıların təəssüratları bölüşüb, onlarla xatirə şəkli çəkdirilib. 

  

 

 

































































































Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.