AzMİU müəllimi Rusiyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

Rusiyada Sankt-Peterburq Dövlət Universitetinin təşkilatçılığı ilə “MENDELEEV 2024” kimya üzrə gənc tədqiqatçıların XIII beynəlxalq elmi konfransı keçirilib.  Beynəlxalq tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və kimya kafedrasının müəllimi, Nəqliyyat fakültəsinin TEC sədri Rəna Xankişiyeva da iştirak edib.  

Konfransda Rəna Xankişiyeva “Qamma radiasiya və epoksidləşdirilmiş akrilonitril butadien kauçuku iştirakı ilə BNK/EPDM qarışıqlarının mexaniki xüsusiyyətlərinin artırılması” (Enhancing mechanical properties of NBR/EPDM blends through gamma radiation and epoxidized acrylonitrile butadiene rubber (ENBR)) mövzusunda məruzə ilə çıxış edib. Mövzu konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, bu konfrans Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Elmlər Akademiyasının 300 illiyinə, eləcə də görkəmli alim D.İ.Mendeleyevin anadan olmasının 190 illiyinə həsr olunub. Konfransın proqramı çərçivəsində “Uçurumun Aradan Qaldırılması: Elm və Sənaye Arasında Dialoq” mövzusunda panel müzakirəsi aparılıb. Paneldə elm və sənaye arasında əməkdaşlığın gücləndirilməsi, klassik universitetlər ilə texnoloji təhsil və istehsalat müəssisələri arasında birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Konfransın gedişində iştirakçıların Sankt Peterburq Universitetinin nəzdində yerləşən Kimya fakültəsinin müasir laboratoriyalarına ekskursiyası təşkil edilib, onlarla birgə innovativ texnologiyaların və müasir cihazların iş prinsipinə baxılıb.
 

12-09-2024