AzMİU-da “Keyfiyyət təminatı və keyfiyyətə nəzarət” adlı təlimə start verilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “TCS” şirkətinin birgə əməkdaşlığı çərçivəsində universitetin akademik heyət üçün "Keyfiyyət təminatı və keyfiyyətə nəzarət " adlı təlimə start verilib. 

Sözügedən təlim 15 dərsdən ibarətdir. Partnyor şirkətin təsisçisi və direktoru, peşəkar təlimçi Anar Məlikov tərəfindən tədris olunacaq dərslərə ümumilikdə universitetin 35 müəllimi qoşulub. 

Təlim boyu müəllimlərimiz keyfiyyət təminatı və keyfiyyətə nəzarət istiqamətində qabaqcıl beynəlxalq standartların tələb etdiyi müasir bacarıq və səriştələrə yiyələnəcək. Beləliklə birgə əməkdaşlığa əsaslanan təlim AzMİU-da keyfiyyətin idarə edilməsi fənnindən dərs aparan müəllimləri təkmilləşdirmək, tədrisin keyfiyyətini yüksəltmək, əmək bazarının gözləntilərini qarşılamaq, keyfiyyət mütəxəssislərinin çatışmazlığını aradan qaldırmaq istiqamətində ciddi irəliləyiş yaradacaq. 

Bildirək ki, yekunda şirkət müəllimlərimizin təlimi mənimsəmə səviyyəsini qiymətləndirəcək. Kursu müvəffəqiyyətlə tamamlayan və uğurlu nəticə göstərən iştirakçılara beynəlxalq sertifikat və diplomlar təqdim olunacaq. Bununla da tələbələrimiz kursu tamamlayan beynəlxalq sertifikatlı müəllimlərdən dərs almaqla peşəkar mütəxəssisə çevriləcək. 

İştirakçılar sonda şirkət tərəfindən dərs vəsaitləri və materiallarla təmin ediləcək.

Vurğulayaq ki, “TCS” şirkəti 2007-ci ildən bəri yerli və beynəlxalq bazarda dövlət və özəl şirkətlərə peşəkar xidmətlər və ekspert təmsilçiliyi təqdim edən təşkilatdır. Şirkətin AzMİU ilə əməkdaşlığı ilk deyil. Bundan öncə universitetimiz SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) dərslərində müəyyən boşluqları nəzərə alaraq fənni tədris edən müəllimlərini şirkətin təşkil etdiyi beynəlxalq kurslara cəlb etməklə kadr hazırlığına dəstək olub.
 

10-09-2024