AzMİU-da Memarlıq ixtisasını seçəcək abituriyentlərin qabiliyyət imtahanı keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanı yekunlaşıb. İmtahan 3 gün davam edib. 

Abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin (DİM) məsul nümayəndələri nəzarət edirlər. 

AzMİU-nun rektoru, memarlıq doktoru professor Gülçöhrə Məmmədova imtahandan öncə abituriyentlər/subbakalavrlar qarşısında çıxış edərək tövsiyələrini verib və onlara uğurlar arzulayıb. Daha sonra AzMİU-nun Təsviri incəsənət kafedrasının müəllimləri abituriyentlərə/subbakalavrlara tapşırıqları izah edərək imtahan zalını tərk ediblər. 
İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə/subbakalavrlara 4 saat vaxt verilib.

Xatırladaq ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq  ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 399 abituriyent/subbakalavr DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanının nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Apeliyasiya komissiyası yaradılıb.

İmtahan nəticələrindən narazı olanlar DİM-in elektron sistemi üzərindən qeydiyyatdan keçərək avqustun 3-də Apeliyasiya komissiyasına müraciət edəcə bilərlər. 

Qeyd edək ki, imtahan tapşırıqları AzMİU-nun və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən qiymətləndirilib.       
 

02-08-2024