Mühit dizaynı kafedrası tərəfindən eksperimental layihələndirmə fənnindən fərqlənən tələbələr mükafatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzində sayca 4-cü olan eksperimental layihələndirmə fənnindən uğurlu nəticə göstərən tələbələrin mükafatlandırma mərasimi keçirilib.
Mərasim Dizayn fakültəsi, Mühit dizaynı kafedrası və İtaliya-Azərbaycan Dizayn Mərkəzinin müştərək iştirakı ilə keçirilib.
Mərasimdə universitetin Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Keyfiyyət təminatı və monitorinq mərkəzinin müdiri Könül Ağayeva, Mühit dizaynı kafedrasının müdiri Yeganə Hacıyeva, fakültənin dekan müavini Kəmalə Yusifova, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Nəzrin Şərifova, kafedranın müəllimləri, eləcə də fakültənin 162 (a1, a2, a3, a4) 161 (a1, a2) qruplarının tələbələri iştirak ediblər.
Mühit dizaynı kafedrasının dosenti Nərgiz Ağayevanın moderatorluğu ilə keçən mərasimdə tədrisə ötən ildən tətbiq olunan eksperimental layihələndirmə fənninin üstünlükləri, müəllim-tələbə heyəti üçün faydalı tərəflərindən söz açılıb.
Nərgiz Ağayeva təhsilin gənclərin həyatında oynadığı mühüm rolu vurğulayaraq onların yaşamında iz qoyan vacib bir proses adlandırıb: “Müasir təhsil sistemi innovativ metodların tətbiqini və fənnin tədrisinə müasir yanaşmanı tələb edir. Kafedrada tətbiq edilən ekspermental metod yüksək səviyyədə qənaətbəxş nəticələri ilə seçilir”.
Nərgiz Ağayeva metodun tədrisi boyu tələbələrin hazırladığı layihələndirmə tapşırıqlarından da danışıb. Bildirib ki, semestr boyu tələbələr onlara təqdim olunan tapşırıqlar əsasında layihələr hazırlayıblar. Sevindirici hal ondan ibarətdir ki, bu layihələr tapşırıq şəklində qalmayacaq, dövlət qurumları tərəfindən real layihələrə çevriləcək. Artıq bir neçə qurumdan bununla bağlı müsbət cavab alınıb.
Mərasimdə iştirak edən Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Keyfiyyət təminatı və monitorinq mərkəzinin müdiri Könül Ağayeva, Mühit dizaynı kafedrasının müdiri Yeganə Hacıyeva öz bacarıqları ilə seçilən istedadlı gəncləri təbrik ediblər. Layihənin davamlı olmasını və başqa fakültələrdə də ənənəyə çevrilməsini arzulayıblar. Çıxışlarda, həmçinin istedadlı gəncləri gələcəyə həvəsləndirmək, onlara dəstək və inam bəxş etmək, memarlıq - dizaynın sirlərini aşılamağın pedaqoqlar üçün şərəfli missiya olduğu da qeyd olunub.
Sonda mükafatlandırma mərasimi keçirilib. Qonaqlar gənclərə təşəkkürnamələr təqdim edib, daha böyük zirvələr fəth etməyi diləyiblər.