Türk Universitetlər Birliyinin təsisçilərindən olan AzMİU və Atatürk Universitetləri arasında əlaqələr genişlənir

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandum Atatürk Universitetinin rektoru professor Ömer Çomaklının Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclasında iştirakı üçün ölkəmizə səfəri çərçivəsində AzMİU-da imzalanıb. 

İmzalanma mərasimində çıxış edən rektor professor Gülçöhrə Məmmədova rektor Ömer Çomaklı və rektorun müşaviri Ali Güllüceni salamlayıb, onları AzMİU-da görməkdən məmnunluğunu ifadə edib. 

AzMİU ilə Atatürk Universiteti arasında TÜRKÜNİB çərçivəsində əməkdaşlığın mövcud olduğunu qeyd edən rektor, birliyin yaranma tarixini xatırladıb: “Bu gün şərəflə deyə bilərik ki, AzMİU TÜRKÜNİB-in yaranmasında iştirak edən ilk universitetlərdəndir. O zaman qurumun yaranmasında Azərbaycandan üç universitet, o cümlədən AzMİU da iştirak edib. Düzdür, əvvəllər birlik çərçivəsində sıx əməkdaşlıq olmadı, lakin son dönəmlər Türk dövlətlərinin əlaqələrinin daha da yaxınlaşması, xüsusilə Azərbaycan və Türkiyə Prezidentlərinin bu istiqamətdə səyləri TÜRKÜNİB-in də inkişafı üçün əlverişli mühit formalaşdırıb. Ümidvaram ki, qurumun inkişafı AzMİU və Atatürk Universitetləri arasında bugünədək olan əlaqələri daha da inkişaf etdirəcək, ölkələrimiz, ümumilikdə Türk dünyası üçün mühüm layihələrin icrası ilə nəticələnəcək”. 

Atatürk Universitetinin rektoru professor Ömer Çomaklı görüş üçün təşəkkürünü bildirib, 20 il öncə yaranmış bu birliyin əməkdaşlıq məsələlərindən, bugünədək həyata keçirilən işlərdən, gözləntilərindən danışıb. AzMİU və Birlik ilə əlaqələrin daha da inkişaf etdirilməsini hədəflədiyini vurğulayıb: “TÜRKÜNİB-in yaranmasında Azərbaycandan AzMİU kimi Türkiyədən də Atatürk Universiteti ilk təsisçilərdən olub. Bu mənada birliyin inkişafı bizim üçün daha da əlamətdardır. Hesab edirəm ki, əməkdaşlığımızın genişlənməsi, daha da inkişaf etdirilməsi üçün əngəllər aradan qalxıb, əksinə əlverişli mühit formalaşıb. Qarşılıqlı səfərlər və ortaq layihələrlə ölkələrimizə və Türk dünyası üçün faydalı işlər görə biləcəyimizə inanıram”. 

Çıxışlarda ortaq tədqiqat, ortaq elmi məqalələrin yayını, ortaq patentin alınması və bir-birinə dəstək olmaqla beynəlxalq reytinqin yüksəldilməsi məsələlərinə də toxunulub. Bundan əlavə, AzMİU və Atatürk Universitetləri arasında ikili diplom müqaviləsi layihələrinin hazırlanması ilə bağlı şifahi razılıq əldə olunub.
 

22-05-2024