AzMİU aliminin 70 illik yubileyi qeyd olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının iqtisadçı alimi, EKO Energetika Akademiyasının professoru Ələsgər Əliyevin 70 illik yubileyi qeyd olunub.
Yubiley tədbirində Tədris işləri üzrə prorektor professor Akif Qasımov, Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov, universitetin professor-müəllim heyəti iştirak ediblər.
Qeyd edilib ki, alim Ələsgər Əliyev ömrünün 45 ildən çox dövrünü elmi araşdırmalara, elmi-pedaqoji kadrların hazırlığına, tədris-metodiki təminat və istehsalatın innovativ fəaliyyətini nəzərə alan tədris plan və proqramların işlənilməsinə sərf edib. O, ölkəmizdə və xaricdə nəşr olunmuş 130-dan çox elmi məqalənin, o cümlədən “Menecment” dərsliyi, 2 monoqrafiya, 5 metodik vəsait və 32 tədris proqramının müəllifidir. O, Türkiyə, Xorvatiya, Gürcüstan, Ukrayna, İsveçdə keçirilən konfranslarda iqtisadiyyatın təşkili və idarə edilməsi üzrə apardığı araşdırmaları ilə çıxışlar edib, müvafiq sertifikatlara layiq görülüb.
Ələsgər Əliyevin AzMİU-da elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq rektorluq tərəfindən Fəxri Fərman da təqdim olunub.
Tədbir iştirakçıları sonda kafedranın alimi Ələsgər Əliyevi təbrik edib, ona cansağlığı, uzun ömür, çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıblar.