Universitetimizdə "Məzunlarımızı tanıyaq" layihəsinin növbəti görüşü keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Media” klubun təşkilatçılığı ilə "Məzunlarımızı tanıyaq" adlı layihənin növbəti görüşü keçirilib.
Layihənin qonağı AzMİU-nun Tikinti-iqtisad fakültəsinin məzunu Gülnarə Mirzəyeva olub.
Məzunlarımız və tələbələrimiz arasında körpü yaratmaq, öz ixtisası üzrə uğurlu gənclərin tanıdılmasına xidmət edən görüş Gülnarə Mirzəyevanın dəyərli fikir və məsləhətləri ilə yadda qalıb.
Görüşdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev çıxış edərək "Məzunlarımızı tanıyaq" layihəsi haqqında məlumat verib.
Layihənin qonağı Gülnarə Mirzəyeva özünün tələbəlik xatirələrini, uğur hekayəsi və bu yolda qazandığı təcrübələri bölüşüb, tələbələri universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə çağırıb.
Görüşün davamında THİK-in sədri Şahmar Rəfili çıxış edərək “Məzunlarımızı tanıyaq” layihəsinin uğurlu görüşlərinin davamlı olacağını bildirib.
Tələbələrdə yüksək maraq doğuran görüş interaktiv formada davam edib.
Qeyd edək ki, layihənin məqsədi mütəmadi olaraq AzMİU məzunlarının tələbələrlə görüşünü təşkil edərək onların istehsalatdan olan mütəxəssislərlə birbaşa ünsiyyətinə şərait yaradaraq karyera yolunda dəstək göstərməkdir.