“Heydər Əliyev xatirələri” – Sərgi Salonunda tələbələrin əl işləri nümayiş olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda “Heydər Əliyev xatirələri” adlı yaradıcılıq sərgisinin açılışı olub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində AzMİU-nun Tarixi Muzeyi və Təsviri İncəsənət kafedrasının təşkilatçılığı ilə gerçəkləşən sərgidə universitet tələbələrinin 72-dən artıq əsəri nümayiş etdirilib. 

Memarlıq və Dizayn fakültələrinin tələbələrinin hazırladığı rəsm, foto, qrafika, kollaj, plakat işlərinə sərgi iştirakçıları tərəfindən böyük maraq olub. 

Əl işlərində Ulu Öndərin birinci hakimiyyəti dövrü eləcə də müstəqillik əldə olunduqdan sonra iqtisadi, siyasi, mədəni və digər sahələrdə həyata keçirdiyi əhəmiyyətli işlər öz əksini tapıb.

Sərgini açıq elan edən Tarixi Muzeyin direktoru Gülmira Məmmədova sözü Sosial məsələlər və ictamiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyevə verib. Prorektor müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb. Ümummilli Liderin anadan olmasının 101 illiyinə həsr olunmuş sərgini yüksək qiymətləndirib. Əlavə edib ki, İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir.

Digər çıxışçılar Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili və İctimai fənnlər kafedrasının müdiri Könül Əliyeva böyük siyasi iradəyə, sarsılmaz əqidəyə, tükənməz dövlət idarəçiliyinə malik Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb, hakimiyyətdə olduğu illərdə gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Daha sonra sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilib, iştirakçılar sərgidə nümayiş olunan işlərlə yaxından tanış olublar. 

Məlumat üçün qeyd edək ki, Ulu Öndərə həsr olunan sərgi mayın 20-dək davam edəcək.
 

10-05-2024