Açıq qapı günü – Kainat Tədris Mərkəzinin abituriyentlərinə AzMİU-nun üstünlüklərindən danışılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ənənəvi təşkil olunan açıq qapı günləri davam edir.
Açıq qapı gününün növbəti qonağı Kainat Tədris Mərkəzinin (KTM) rəhbərliyi və abituriyentlər olub.
Universitetin akt zalında gerçəkləşən görüşdə ilk olaraq AzMİU-nun tanıtım videoçarxı nümayiş olunub. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili və Abituriyent Məsləhət Mərkəzinin əməkdaşı Rəna Cəbrayılova tərəfindən məktəblilərə universitet barədə əhatəli informasiyalar verilib. Fakültələr, ixtisaslar, universitetin qoşulduğu beynəlxalq mübadilə proqramları, ikili diplom müqavilələri, tələbə həyatı, həmçinin seçmək istədikləri ixtisasların karyera imkanlarından söhbət açılıb.
Məktəblilərin maraqla iştirak etdiyi görüşdə, eyni zamanda AzMİU-da yaradılan tədris mühiti, tələbə-müəllim münasibətləri və digər üstünlüklərdən bəhs edilib.
Geniş tanıtımdan sonra abituriyentlərin sualları cavablandırılıb, onlara universitetə aid məlumatları özündə əks etdirən bukletlər paylanılıb.