AzMİU-nun futzal komandası Azərbaycan Tələbə Liqasının ikincisi olub
Ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub.
12 ali təhsil müəssisəsinin mübarizə apardığı liqada final oyunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası arasında keçirilib. AzMİU-nun futzal komandası çətin keçən mübarizədə böyük səylərə baxmayaraq rəqib komandaya uduzub və ikinciliklə kifayətlənib. Azərbaycan Texniki Universitetinin futzal komandası isə üçüncü yeri tutub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.
Bədii hissədən sonra elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Tələbə Liqasından danışıb, liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliği, perspektivli idmançıların aşkarlanmasında xüsusi rol oynadığını vurğulayıb. Firudin Qurbanov həmçinin çıxışında idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsi və onların vətənpərvərlik hisslərinin tərbiyəsində əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci altılığın qalib komandalarına kubok və hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya isə kubok təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilib.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.