Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnşaatçılar həftəsi” yekunlaşıb
Universitetin İnşaat fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə həyata keçirdiyi “İnşaatçılar həftəsi” həftə ərzində silsilə tədbirlərlə davam edib.
Layihə çərçivəsində ilk olaraq III kursda təhsil alan əlaçı və zərbəçi tələbələrin tikinti meydançasına ekskursiyası təşkil olunub. 3 aprel tarixində gerçəkləşən səfərdə fakültənin gənc inşaatçılarından ibarət 25 nəfər tələbə tikinti meydançası, burada aparılan işlərlə tanış olub, onları maraqlandıran suallara cavab tapıblar.
Layihənin növbəti günlərində isə “Ən güclü mühəndis”i tapmaq uğrunda intellektual yarış keçirilib. Universitetin zərbəçi və əlaçı tələbələrindən ibarət 5 komandanın mübarizə apardığı yarışda ixtisas fənlərindən ibarət suallara cavab axtarılıb. Yekunda 3 komanda müsabiqənin qalibləri sırasında yer alıb.
8 aprel tarixində isə fakültənin müxtəlif kurslarında təhsil alan əlaçı və zərbəçi tələbələr üçün “Gənc inşaatçı əmək bazarına necə hazırlaşmalı” adlı master-klas təşkil olunub. "PMD Projects MMC"nin mütəxəssisləri tərəfindən aparılan master-klasda 30-dan çox tələbə iştirak edib. Şirkətin peşəkar mütəxəssisləri gənc inşaatçıların suallarını cavablayıb, mövzuyla bağlı fikir mübadiləsi aparıblar.
Layihə çərçivəsində sonuncu tədbir “İnşaatçılar günü”nə həsr olunan Forum olub. Forumun panel iclasında 3 böyük şirkətin uğur hekayəsi dinlənilib.
Formun açılışını İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev edib və həmkarlarını qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib. “İnşaatçılar həftəsi” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Fakültədə peşəkar kadrların yetişdirilməsi istiqamətində görülən işləri nəzərə çatdırıb.
Türkiyənin “ProYapı" şirkətinin Azərbaycandakı İdarə Heyətinin sədr müavini Akif Aygen təmsil etdiyi şirkətin uğur hekayəsindən danışıb.
Forumda ikinci çıxışı "PMD Projects MMC"nin direktoru Nəriman Topçibaşevə məxsus olub. AzMiU-nun məzunu olan Nəriman Topçibaşev təhsil həyatındakı uğurlarından bəhs edib. Həyata keçirdiyi böyük layihələrindən danışıb.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev də çıxışında peşə bayramı münasibətilə həmkarları və gələcək inşaatçıları təbrik edib. Forumun gənc inşaatçılar üçün olan əhəmiyyətinə toxunub.
Tədbirin sonunda İnşaat fakültəsinin bir qrup professor-müəllim heyətinə “Uğurlu inşaatçı-mühəndis” diplomu, intellektual yarışın qaliblərinə isə fəxri fərman və mükafatlar təqdim olunub. Forum iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.