AzMİU-da açıq dərs: “Milli azadlıq hərəkatının zirvəsi – 28 May Müstəqillik Gününün elan olunması və AXC-nin təsisi”


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 28 May – Müstəqillik Gününüə həsr olunmuş açıq dərs keçirilib.
Universitetin İctimai fənlər kafedrasının təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələri üçün keçirilən dərsdə şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının tarixi və siyasi aspektlərindən söz açılıb, müstəqilliyimizə gedən yoldan bəhs olunub. 
Kafedranın müəllimi Jalə İsmayılovanın “Milli azadlıq hərəkatının zirvəsi – 28 May Müstəqillik Gününün elan olunması və AXC-nin təsisi” mövzusunda məruzəsi dinlənilib. Jalə İsmayılova AXC-nin yaranması, xalqımızın çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafındakı rolundan danışıb. O, deyib: “Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan, qadın–kişi bərabərliyini təmin edən dövlət olub”.  
Daha sonra fakültənin 6 tələbəsinin təqdimatında AXC-də milli ordu quruculuğu, təhsil, iqtisadiyyat, mədəniyyət, beynəlxalq əlaqələr və s.  məsələləri əhatə edən məruzələri dinlənilib. 
Açıq dərsdə o da vurğulanıb ki, müasir Azərbaycan dövləti AXC-nin hüquqi varisidir. Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyini gücləndirdiyi Azərbaycan apardığı uğurlu siyasət sayəsində regionun əsas söz sahibidir. Dahi liderdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən dövlətimiz qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, bütün sahələrdə parlaq qələbələr qazanır.
 

26-05-2023