Övsət Həmidov tələbələrimizə ustad dərsi keçib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidovun universitetin İnşaat fakültəsinin tələbələri ilə görüşü keçirilib. 

Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova da iştirak edib. Rektor çıxış edərək AzMİU ilə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın tələbələr üçün əhəmiyyətinə diqqət çəkib: “İşğaldan azad olunmuş ərazilərimizdə sürətli tikinti-quruculuq işləri həyata keçirilir. Bu işlərin ən böyük icraçılarından biri olan Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə əməkdaşlıq tələbələrimiz üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, tələbələrin təcrübəyə cəlb edilməsi onların peşəkar kadr kimi yetişməsi prosesinə böyük töhfə verəcək. Əminəm ki, həmin tələbələrin o ərazilərdə təcrübədə olması onların gələcək fəaliyyətinin işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətinə yönəldəcək və universitet olaraq bu bizim üçün qürurverici haldır”. 

Övsət Həmidov da çıxışında AzMİU ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. İcraçı direktor hazırda icra edilən və icrası nəzərdə tutulan layihələr haqqında danışaraq universitetlə əməkdaşlığın önəminə toxunub. Xidmət rəhbəri qeyd edib ki, ölkənin memarlıq və tikinti sahəsi üzrə əsas ali təhsil müəssisəsi ilə səmərəli əlaqələr azad olunan ərazilərdə işlərin daha da sürətlə həyata keçirilməsinə imkan verəcək.

Daha sonra Övsət Həmidov tələbələrə ustad dərsi keçib. Dərsdə azad edilmiş ərazilərdə, xüsusilə Talış kəndində icra edilən layihələrlə bağlı detallı məlumat verilib. Qurum rəhbəri layihələrin özəlliklərindən, dövlətin bu layihələrdən gözləntilərindən, həmçinin icrası nəzərdə tutulan layihələr çərçivəsində potensial iş imkanlarından danışıb. 

Dərs zamanı Övsət Həmidovun toxunduğu məsələlərə dair foto şəkillər, infoqrafikalar, eləcə də statistik cədvəllər tələbələrə nümayiş olunub.

Sonda qurum rəhbərinin toxunduğu məsələlərə dair tələbələrin sualları cavablandırılıb və lokal müzakirələr təşkil olunub.
 

24-05-2023