Keçəl nə üçün Novruz bayramı tədbirində iştirak etmədi?

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Su təəssərüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ədəbi-bədii konsert proqramı təqdim edilib. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək universitet əməkdaşlarını və tələbələri Novruz bayramı münasibətilə təbrik edib. Rektor təbrik çıxışında artıq ərazilərimizin işğaldan azad olunmasına və orada aparılan bərpa, tikinti-quruculuq işlərinə diqqət çəkib: “Biz Novruzu, yaxud da başqa bayramlarımızı Şuşada, vaxtilə işğalda olan digər ərazilərimizdə qeyd etməyi arzulayırdıq. Bu arzumuz gerçəkləşdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz ərazilərimizi işğaldan azad etdi, biz qalib gəldik, lakin mübarizə davam edir. Sizin – ixtisaslı memarların, mühəndislərin iştirakı ilə həmin ərazilər yenidən qurulmalı, xalqımız ata-baba yurduna qayıtmalıdır. Bunun üçün AzMİU-nun müəllim və tələbələri var gücləri ilə çalışmalı, bu haqq işində dövlətimizin və xalqımızın yanında olmalıdır”.
Professor Gülçöhrə Məmmədova Novruzun bahar rəmzi, təbiətin oyanışını ehtiva edən bayram olmasına diqqət çəkərək əməkdaş və tələbələri yeni ruhla, əzmlə çalışmağa, daha çox nailiyyətlər əldə etməyə çağırıb. 

Daha sonra konsert proqramına başlanılıb. Konsert proqramı xalqımızın köklü sənət nümunəsi olan aşıq ifası ilə başlayıb. Universitetin bədii yaradıcılıq qrupunun üzvləri tərəfindən saz ifası altında aşıq mahnıları oxunub. 

Bədii hissəni AzMİU-nun “Buta” rəqs qrupu milli rəqs nümunələri ilə davam etdirib. 

Universitetin əcnəbi tələbələri də bayram konsertində çıxış ediblər. Türkiyədən olan tələbələr davul sədaları altında müxtəlif mahnılar ifa ediblər. 

Keçəl konsert izləyicilərini intizarda saxlasa da, Kosa və Bahar qızının onun Şuşada olduğunu deməsi hər kəsi qürurlandırıb. Başqa diqqət çəkən məqam isə səhnənin önündə yerləşdirilən AzMİU müəllim və tələbələri tərəfindən hazırlanan Şuşa qalası maketi olub. 

Konsert proqramı digər səhnələrlə davam etdirilib. 

Bayramınız mübarək!
 

17-03-2023