2 fevral - Azərbaycan Gəncləri Günüdür

2 fevral Azərbaycan Respublikasında Gənclər Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Dahi Rəhbər Heydər Əliyev müasir və müstəqil Azərbaycanı qurduqdan sonra da gənclər siyasətini böyük şövqlə davam etdirib. Bu siyasətin bir mərkəzdən idarə olunması üçün ulu öndər Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyini təsis edilib ki, bu da öz növbəsində gənclərə yeni imkanların yaranması üçün münbit şərait yaradıb.

1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərmanın imzalanması Heydər Əliyevin gənclərə böyük qayğısının təzahürü idi. 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanun da bu istiqamətdə görülən ən mühüm işlərdən biri olub.
Dahi rəhbər Heydər Əliyevin çətinliklə formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb. Cənab Prezident İlham Əliyev qəbul etdiyi bütün qərarları ilə Ulu Öndərin gənclər siyasətini yüksək səviyyədə davam etdirir. 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” qəbul olunmuş və bununla hər təbəqədən olan gənclərin xaricdə təhsil almasına şərait yaranmışdır. Cənab Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi nəinki gənclərin, həmçinin bütün xalqın həyatındakı fəallığını xeyli artırmışdır.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycanın vahid gənclər siyasəti bütün ölkədə olduğu kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) uğurla davam etdirilir. AzMİU yarandığı gündən kollektivi və məzunları ilə ölkəmizin həyatında misilsiz xidmətlər göstərib. Elmi və tədris fəaliyyəti ilə yanaşı, Universitet bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, inkişafımızı təcəssüm etdirən tikinti-quruculuq işlərində önəmli töhfələr verən, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir.

Bu gün gənclikdən danışarkən, heç şübhəsiz 44 günlük Vətən müharibəsində bizə parlaq qələbə sevincini yaşadan, canı və qanı bahasına ən yeni tarix yazaraq əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman övladlarımızı da unutmaq olmaz.

Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində AzMİU-nun gənc məzunları aktiv iştirak edirlər. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı onların bu prosesdə bundan sonra da fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Bir daha Azərbaycan Gəncləri Günü münasibəti ilə hər bir gənci, xüsusilə AzMİU ailəsinin gənc məzun və tələbələrinin hər birini ürəkdən təbrik edirik!
 

02-02-2023