AzMİU-da Beynəlxalq Astronavtika Konqresi ilə bağlı infosessiya keçirilib - 27.01.2023

2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıqlar davam edir. Tələbə və gənc alimlərə konqres barədə ətraflı məlumat vermək və onları bu mötəbər tədbirdə fəal iştiraka cəlb etmək məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) infosessiya keçirilib. 

İnfosessiya zamanı Azərkosmos”un mətbuat xidmətinin rəhbəri Fidan Behbudova AzMİU-nun SABAH qruplarının tələbələrinə konqreslə bağlı geniş məlumat verib. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 7 fevral 2022-ci il tarixli Sərəncam imzalayıb. 

Dünya miqyasında ən mötəbər tədbirlərdən olan Beynəlxalq Konqresin Azərbaycanda keçirilməsinin ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə əvəzolunmaz imkanlar yaradacağını nəzərə alaraq, Azərbaycan alimlərinin, gənclərin, həmçinin tələbələrin bu tədbirdə yaxından iştirakı tövsiyə olunur.

74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün linkə (https://www.iac2023.org/) daxil olaraq müvafiq məlumatları əldə etmək, müəyyən edilmiş mövzu və tələblərə uyğun tərtib edilmiş tezis və məqalələri göndərmək olar.

İnfosessiyanın sonda tələbələrin sualları cavablandırılıb.
 

27-01-2023