İsveçin “RECONOMY” proqramı əsasında AzMİU-nun İnşaat Kollecində xüsusi auditoriya yaradılacaq [12.12.2022]

İsveç Beynəlxal İnkişaf və Əməkdaşlıq Agentliyinin (Sida) “RECONOMY” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya yaradılacaq. Gürcüstanın Enerji Effektivliyi Mərkəzinin dəstəyilə icra edilən proqram çərçivəsində həm də təlimlər keçiriləcək və tədris video çarxları hazırlanacaq. 
Layihənin məqsədi Azərbaycanda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, binaların enerji səmərəliliyinin artırılması istiqamətində kadr çatışmazlığını aradan qaldırmaq, eləcə də bu sahəyə marağı olan gənc mütəxəssislər üçün yeni iş yerlərinin yaradılmasıdır. 
Layihənin Azərbaycan üzrə kordinatoru, AzMİU-nun Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri, dosent Nurməmməd Məmmədov tərəfindən layihə üzrə xüsusi təlim-tədris proqramı hazırlanıb. Proqram əsasında İnşaat Kollecinin tələbələrinə, eləcə də binaların enerji effektivliyi sahəsinə maraq göstərən şəxslərə video-roliklər vasitəsilə təlimlər keçiriləcək. Təlimlər enerji effektivliyi sahəsinə aid xüsusi avadanlıqlarla praktik olaraq həyata keçiriləcək. 
Qeyd edək ki, bu ilin əvvəlində İsveç Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyi və Gürcüstanın Enerji Effektivliyi Mərkəzi ilə əməkdaşlıq əsasında İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya yaradılıb. Hazırda icra edilən “RECONOMY” proqramına əsasən yaradılacaq auditoriya sayca ikinci olacaq. Auditoriyada avadanlıqlar vasitəsilə tələbələrə eneji effektivliyinin artırılması, binaların xarici divarlarının izoliyasiyası və bu kimi digər mövzularda dərslər və təlimlər keçiriləcək. 


 

 

12-12-2022