Radiasiya Problemləri İnstitutunda AzMİU-nun İxtisasartırma fakültəsinin nümayəndələri ilə görüş keçirilib [07.12.2022]

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyeva və fakültənin “Radiasiya təhlükəsizliyi” ixtisası üzrə təlim keçən əməkdaşları ilə görüş keçirilib. 
Cəmilə İmaməliyeva çıxış edərək AzMİU-nun İxtisasartırma fakültəsi, fakültədə “Radiasiya təhlükəsizliyi” ixtisası üzrə kursların təşkili ilə bağlı məlumat verib. Qeyd edib ki, AzMİU “Radiasiya təhlükəsizliyi” ixtisası üzrə kursların təşkili məsələsində Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıqda maraqlıdır. 
İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyi müəssisədə aparılan tədqiqat işləri və əldə olunan mühüm elmi nəticələr haqqında geniş məlumat verib. Daha sonra Akademik Adil Qəribov respublikada radiasiya təhlükəsizliyi, radiasiya texnologiyaları və radiasiya-nəzarət cihazları, habelə nüvə energetikasının inkişafı sahəsində həyata keçirilən və planlaşdırılan işlər haqqında məlumatlar verib.
Həmçinin laboratoriya avadanlıqları ilə yaxından tanış olmaq məqsədilə müdavimlər “Enerjitutumlu radiasiya prosesləri”, “Ətraf mühitin radiasiya kimyası”, “Radioekologiya” və “Radiokimya və radioprotektorlar” laboratoriyaları ilə tanışlıq məqsədilə infotur təşkil olunub.
Görüşdə ixtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyeva və kursun lektorları da iştirak ediblər.
 

 

07-12-2022